Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...
Yayın əvvəlində Ukraynanın xeyrinə hərbi və diplomatik dönüşün baş verəcəyi gözlənilsə də, hazırda bu nikbinlik getdikcə artan məyusluqla əvəz olunur.
Axar.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri yazıb.
Nəşrin məlumatına görə, yayın əvvəlində Ukrayna uzun müddətdən sonra ilk dəfə müharibədə təşəbbüsü ələ almışdı. Kiyev cəbhədə qazandığı uğurları, pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi nailiyyətləri və Rusiyanın infrastrukturuna endirdiyi zərbələri Qərb müttəfiqlərinə nümayiş etdirirdi. Bu uğurlar ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə münasibətinə də müsbət təsir göstərmişdi.
Vurğulanır ki, Kiyevlə Vaşinqton arasında münasibətlərin yaxşılaşmasında Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışinanın da mühüm rolu olub:
“O, Ukraynanı yalnız hərbi yardım istəyən ölkə kimi deyil, həm də ABŞ-a müasir texnologiyalar və hərbi həllər təqdim edə bilən etibarlı tərəfdaş kimi tanıtmağa çalışıb. Xüsusilə Ukraynanın hazırladığı pilotsuz uçuş aparatları Vaşinqtonda böyük maraq doğurub. Ukraynanın dron-tutucuları hətta Pentaqonun da diqqətini cəlb edib”.
Lakin nəşrin yazdığına görə, bu müsbət dinamika uzun sürməyib. Zelenski ilə son görüşündə Tramp Ukraynanın Rusiyanın ballistik raketlərindən müdafiəsi üçün əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsinə razılıq verməyib. Bundan başqa, o, Ukraynaya bu sistemləri öz ərazisində istehsal etməyə icazə veriləcəyi ilə bağlı əvvəlki vədindən də geri çəkilib.