Dünya
Yastıqsız yatmaq niyə təhlükəlidir? - Nevroloqdan xəbərdarlıq
Yastıqsız yatmaq heç də hər kəs üçün uyğun deyil. Oxu.Az bildirir ki, rusiyalı nevroloq Anastasiya Juravskaya "Gazeta.ru"ya müsahibəsində bununla bağlı xəbərdarlıq edib. Həkim yastıqsız yatmağın hansı insanlarda sağlamlıq problemlərinə səbəb ola biləcəyini izah edib. Anastasiya Juravskaya qeyd edib ki, döş qəfəsi kifozu olan yaşlı insanlar, boyun nahiyəsində patologiyaları olan xəstələr, ürək və ağciyər çatışmazlığından, eləcə də reflüks xəstəliyindən əziyyət çəkən şəxslər yastıqdan imtina etməməlidirlər. Çünki başın üfüqi vəziyyətdə olması mədə turşusunun qida borusuna geri qayıtmasına səbəb ola bilər. "Cazibə qüvvəsi alt çənəni və dilin kökünü aşağı çəkir. Udlağın ağız hissəsinin boşluğu (orofarenks) daralır, havanın keçməsi çətinləşir və toxumalar titrəməyə başlayır. Beləliklə də xorultu yaranır", - deyə həkim bildirib. Tənəffüs yollarının tamamilə tıxanması zamanı nəfəsin dayanması - obstruktiv yuxu apnoesi sindromu baş verə bilər ki, bu da beynin oksigen çatışmazlığına məruz qalmasına səbəb olur. "Başı bir qədər yuxarıda saxlayan yastıq tənəffüs yollarının açıq qalmasına kömək edir", - deyə Anastasiya Juravskaya qeyd edib.
Mənbə
oxu.az