Cəmiyyət

Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

08 Aug 2026, 07:00 2 baxış
Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

2025-ci il avqustun 8-i Azərbaycan tarixində yalnız mühüm diplomatik hadisənin baş verdiyi gün deyil. Vaşinqtonda əldə edilən nəticələr həm Azərbaycan-ABŞ münasibətlərində uzun illər davam etmiş mürəkkəb mərhələnin başa çatmasının, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinin yeni və həlledici mərhələyə keçməsinin başlanğıcıdır...


Bir il sonra həmin tarixə geri dönərkən hadisələrin miqyası daha aydın görünür. Çünki 8 avqustda Vaşinqtonda baş verənlər əslində iki böyük geosiyasi prosesin kəsişmə nöqtəsi idi: Azərbaycan-ABŞ münasibətlərinin transformasiyası və Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallığın sülh sistemi kimi rəsmiləşdirilməsi.


Bu iki prosesin mərkəzində isə Prezident İlham Əliyevin illər ərzində dəyişməyən bir siyasi xətti dayanır: Azərbaycanın milli maraqlarından bir addım da geri çəkilməmək!


Bakı Vaşinqtonla münasibətlərdə niyə geri çəkilmədi?


Co Bayden administrasiyası dövrü Azərbaycan-ABŞ münasibətlərinin ən mürəkkəb mərhələlərindən biri kimi yadda qaldı. Vaşinqtonun regiona münasibətində köhnə siyasi stereotiplərin qorunması, Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni reallığın lazımi səviyyədə qiymətləndirilməməsi və xüsusilə “907-ci düzəliş” ətrafında baş verənlər iki ölkə arasında ciddi etimad böhranı yaratmışdı.


Məsələnin paradoksal tərəfi bundan ibarət idi ki, vaxtilə torpaqları işğal edilən Azərbaycana qarşı sanksiya tətbiq edilmiş, işğalçı Ermənistan isə analoji məhdudiyyətlə üzləşməmişdi.


Azərbaycan üçün “907-ci düzəliş” artıq çoxdan iqtisadi əhəmiyyətini itirmişdi. Güclü iqtisadiyyat və müstəqil xarici siyasət quran Bakı ABŞ yardımından asılı deyildi. Ancaq düzəliş siyasi baxımdan Azərbaycana qarşı tarixi ədalətsizliyin simvolu olaraq qalırdı.


Prezident İlham Əliyevin mövqeyi isə dəyişmədi: Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil və Bakı münasibətlərin yaxşılaşdırılması naminə öz milli maraqlarından geri çəkilməyəcək.


Nəticədə Vaşinqton öz siyasətini dəyişdi.


Tramp faktoru


Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın Azərbaycan siyasətində yeni mərhələnin başlanmasına şərait yaratdı. Yeni administrasiya Azərbaycanı artıq 1990-cı illərin siyasi təsəvvürləri ilə deyil, XXI əsrin dəyişmiş Cənubi Qafqaz reallığı ilə qiymətləndirməyə başladı. Çünki 2025-ci ilin Azərbaycanı tamamilə başqa dövlət idi: ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş, regionun əsas iqtisadi və hərbi gücünə çevrilmişdi; Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, Orta Dəhlizin əsas iştirakçılarından biri olan Azərbaycana qarşı əvvəlki yanaşmaları davam etdirmək mümkün deyildi.


Donald Tramp bunu düzgün qiymətləndirdi. İlham Əliyevlə Tramp arasında hələ ABŞ prezident seçkisindən əvvəl mövcud olan qarşılıqlı təmaslar və məktublaşmalar yeni münasibətlər üçün siyasi zəmin yaratmışdı. 8 avqust 2025-ci ildə isə bu proses Ağ Evdə konkret nəticəyə çevrildi.


Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, “907-ci düzəliş”in tətbiqi dayandırıldı. İlham Əliyevin həmin gün söylədiyi “33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu” fikri qərarın Bakı üçün siyasi mahiyyətini dəqiq ifadə edirdi.


Ancaq 8 avqustun əhəmiyyəti yalnız Azərbaycan-ABŞ münasibətlərinin normallaşmasından ibarət deyildi. Həmin gün Vaşinqtonda Cənubi Qafqazın gələcək siyasi arxitekturası da müəyyənləşdirilirdi.


Sülh Vaşinqtonda yaranmadı


Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzaladılar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri isə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini parafladılar. Bu, şübhəsiz, tarixi hadisə idi. Ancaq burada çox mühüm siyasi məqam var:


Azərbaycan-Ermənistan sülhü Vaşinqtonda yaranmayıb. Vaşinqtonda Azərbaycanın illər ərzində formalaşdırdığı sülh gündəliyi rəsmiləşdirilib. Çünki sülh müqaviləsinin konsepsiyasını və onun baza prinsiplərini məhz Azərbaycan irəli sürüb. 2020-ci ildə 44 günlük müharibədə qalib gələn Azərbaycan Ermənistana növbəti müharibə deyil, sülh təklif etdi.


Azərbaycan gələcək münasibətlərin beş fundamental prinsip üzərində qurulmasını tələb etdi: dövlətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması, ərazi iddialarından imtina, gücdən istifadə etməmək, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması.


Ermənistan son nəticədə bu siyasi-hüquqi çərçivəni qəbul etmək məcburiyyətində qaldı. Deməli, sülhün siyasi müəllifliyi məsələsində mübahisə üçün ciddi əsas yoxdur: təşəbbüs Azərbaycana məxsusdur.


Ermənistan sülhə necə gəldi?


Bu gün Ermənistan rəhbərliyi sülhü öz siyasi kursunun nəticəsi kimi təqdim etməyə çalışır. Ancaq yaxın tarixin xronologiyası bunu təsdiqləmir.


2020-ci ildən əvvəl Ermənistan rəhbərliyinin ritorikasında kompromis deyil, işğal nəticəsində yaranmış status-kvonun qorunması və hətta “yeni ərazilər uğrunda yeni müharibə” yanaşması vardı. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycanın döyüş zonasından uzaqda yerləşən şəhərlərini - Gəncəni, Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrini vurması da həmin siyasətin mahiyyətini göstərirdi.


10 noyabr 2020-ci il bəyanatından sonra isə Ermənistanda revanşist qüvvələr keçmiş status-kvonun bərpa edilə biləcəyi illüziyasını yaşatmağa çalışdılar. 2023-cü ilin sentyabrındakı lokal antiterror tədbirləri bu illüziyanı da aradan qaldırdı.


Azərbaycan bütün ərazisində öz suverenliyini təmin etdi və regionda separatizm faktoruna son qoydu.


Bundan sonra Ermənistan üçün siyasi seçim tamamilə dəyişdi. Artıq söhbət əvvəlki status-kvonun qorunmasından getmirdi. Çünki belə status-kvo yox idi.


Qarabağ münaqişəsi yox idi.


Separatçı rejim yox idi.


Azərbaycan ərazisində xarici hərbi mövcudluq və qanunsuz silahlı birləşmələr yox idi.


Ermənistanın qarşısında iki yol qalırdı: yeni regional reallığı qəbul etmək və sülhə gəlmək, yaxud uzunmüddətli təcrid və qarşıdurma xəttində qalmaq.


İrəvan birincini seçdi. Buna görə Ermənistanın sülhə gəlməsini yalnız Paşinyan hökumətinin siyasi iradəsi ilə izah etmək hadisələrin səbəb-nəticə əlaqəsini dəyişmək olardı.


Ermənistanı sülhə gətirən əsas amil Azərbaycanın yaratdığı yeni güc balansıdır. İlham Əliyev müharibədə də, sülhdə də qalib gəldi. Müharibədə qələbə ilə davamlı sülh yaratmaq eyni siyasi nəticə deyil.


Tarix bunun çoxsaylı nümunələri ilə doludur.


İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatdı, ancaq Fransa və Almaniya arasında tarixi barışığın əsas siyasi sənədlərindən olan Yelisey müqaviləsinin imzalanması üçün 1963-cü ilə qədər - 18 il gözləmək lazım gəldi.


Azərbaycan isə 2023-cü ilin sentyabrında bütün ərazisində suverenliyini tam bərpa etdikdən cəmi iki il sonra Ermənistanla sülh müqaviləsinin mətninin paraflanmasına nail oldu. Əlbəttə, Fransa-Almaniya münasibətlərinin tarixi miqyası ilə Azərbaycan-Ermənistan münaqişəsini eyniləşdirmək olmaz. Ancaq müqayisə bir həqiqəti göstərir: müharibədən sülhə keçid bəzən müharibənin özündən daha uzun və mürəkkəb prosesdir.


İlham Əliyevin siyasi nəticəsinin miqyası da burada ortaya çıxır. O, əvvəlcə döyüş meydanında qalib gəldi. Sonra Azərbaycanın bütün ərazisində suverenliyini təmin etdi. Daha sonra hərbi Qələbəni diplomatik-siyasi sistemə çevirdi.


Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Sülhün beş prinsipini qəbul etdi. Minsk Qrupu tarixə çevrildi. Sülh müqaviləsinin mətni paraflandı...


Buna görə 8 avqust 2025-ci ili Prezident İlham Əliyevin müharibədə qazandığı Qələbənin sülh masasında siyasi təsdiqi kimi də qiymətləndirmək olar.


TRIPP: Zəngəzur düyününün açılması


Vaşinqton razılaşmalarının digər strateji nəticəsi TRIPP - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi oldu. Məsələnin Azərbaycan üçün fundamental əhəmiyyəti ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsidir.


Ancaq TRIPP-in əhəmiyyəti bununla bitmir. Söhbət Azərbaycan-Naxçıvan-Türkiyə xəttindən, daha geniş mənada isə Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz və Avropanı birləşdirən yeni nəqliyyat sistemindən gedir. Bu səbəbdən Zəngəzurdan keçəcək kommunikasiya yalnız regional layihə deyil, Orta Dəhlizin strateji həlqələrindən birinə çevrilmək potensialına malikdir.


Burada sülhün başqa bir mühüm təminatı yaranır: iqtisadi maraq. Ermənistan üçün Azərbaycanla qarşıdurma təcridin davamı, regional kommunikasiyaların açılması isə yeni iqtisadi imkanlar deməkdir.


Beləliklə, Azərbaycan Ermənistan qarşısında təkcə siyasi sülh modeli deyil, iqtisadi alternativ də qoyur.


Vaşinqtondan Bakıya - Vensin səfəri


8 avqustda Azərbaycan-ABŞ münasibətlərində başlanan transformasiyanın müvəqqəti siyasi yaxınlaşma olmadığı sonrakı hadisələrlə təsdiqləndi.


2026-cı ilin fevralında ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri və Bakıda Prezident İlham Əliyevlə birlikdə Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması 8 avqustda başlanan prosesin məntiqi davamı oldu.


Bayden administrasiyasının son mərhələsində ciddi böhran yaşayan Azərbaycan-ABŞ münasibətləri qısa müddətdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.


Bunun mühüm siyasi tərəfi var: Bakı Vaşinqtonla münasibətləri bərpa etmək üçün öz prinsiplərindən geri çəkilmədi. Vaşinqton Azərbaycanla münasibətlərini yeni regional reallığa uyğunlaşdırdı.


Bu, Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi müstəqil xarici siyasətin mühüm nəticələrindən biridir.


Sonuncu maneə


Sülh müqaviləsinin mətni paraflansa da, yekun sənədin imzalanması üçün Azərbaycanın prinsipial tələbi qalır. Bakı Ermənistanın hüquqi sistemində Azərbaycana qarşı gələcək ərazi iddialarına zəmin yarada biləcək istinadların aradan qaldırılmasını tələb edir. Məsələ yalnız Paşinyan hakimiyyəti ilə bağlı deyil.


Hakimiyyətlər dəyişir.


Siyasi qüvvələr dəyişir.


Regional şərait dəyişə bilər.


Amma dövlətlərarası sülh müqaviləsi onilliklər üçün bağlanır.


Azərbaycanın yanaşmasının mahiyyəti budur: gələcəkdə Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycana qarşı ərazi iddiasının yenidən dövlət siyasətinə çevrilməsinin hüquqi əsası qalmamalıdır. Bakı müvəqqəti atəşkəs deyil, geri dönüşü olmayan sülh istəyir.


Yeni Cənubi Qafqazın müəllifi kimdir?


Bu gün 2020-ci ildən əvvəlki Cənubi Qafqazla indiki region arasında demək olar ki, heç bir siyasi oxşarlıq qalmayıb:


- Qarabağ münaqişəsi başa çatıb.


- Separatizm aradan qaldırılıb.


- Minsk Qrupu tarixə çevrilib.


- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.


- Sülh müqaviləsinin mətni paraflanıb.


- Regional kommunikasiyaların açılması real gündəliyə çevrilib. TRIPP layihəsi meydana çıxıb.


- Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ermənistanın dövlət siyasətində revanşist ritorikadan regional əməkdaşlıq və sülh diskursuna doğru ciddi dəyişiklik baş verib.


Bütün bunların səbəb-nəticə zəncirinin başlanğıcında isə Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə dayanır. Əgər Azərbaycan torpaqlarını azad etməsəydi, köhnə status-kvo davam edəcəkdi.


Azərbaycan 2023-cü ildə suverenliyini tam təmin etməsəydi, separatizm sülh prosesinin qarşısında qalacaqdı.


Azərbaycan beş baza prinsipini irəli sürməsəydi, bugünkü sülh gündəliyinin konseptual əsası yaranmayacaqdı...


Bu mənada Cənubi Qafqazda yaranmış yeni status-kvonun əsas müəllifi, bir daha vurğulayaq, Prezident İlham Əliyevdir. Donald Trampın bu prosesdə tarixi rolu isə Azərbaycanın yaratdığı yeni reallığı düzgün qiymətləndirmək, əvvəlki ABŞ administrasiyasından fərqli yanaşma nümayiş etdirmək və Bakı ilə İrəvan arasında sülh prosesinin həlledici mərhələsinə siyasi vasitəçilik etmək oldu.


İndi əsas məsələ həmin reallığı geri dönüşü olmayan sülhə çevirməkdir.


Və bəlkə də İlham Əliyevin siyasi irsinin ən mühüm nəticələrindən biri məhz bu olacaq: Müharibədə Qələbə qazanan Lider kimi tarixə düşmək və həmin Qələbədən sonra Cənubi Qafqazın uzunmüddətli sülhünü qurmaq.

Mənbə axar.az

Oxşar Xəbərlər