Dünya
Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI
Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. Oxu.Az bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə, mütəxəssislər bildiriblər ki, telefonu batareyası tam boşalmış vəziyyətdə söndürüb saxlamaq olmaz. Cihazı söndürməzdən əvvəl akkumulyatorun enerji səviyyəsini təxminən 50 faizə çatdırmaq tövsiyə olunur. Məsələn, "Apple" bildirir ki, telefon batareyası tam boşalmış halda uzun müddət saxlanılarsa, cihaz zərər görə bilər. Həmçinin smartfonu sərin, quru və birbaşa günəş şüalarının düşmədiyi yerdə saxlamaq lazımdır. Əgər telefon sahibi cihazdan altı aydan çox müddət ərzində istifadə etməyi planlaşdırmırsa, onu hər altı aydan bir yandırmaq və enerji səviyyəsini yoxlamaq tövsiyə olunur. "Batareyanın öz-özünə boşalması daxili kimyəvi reaksiyaların nəticəsidir və ay ərzində enerjinin bir neçə faiz azalmasına səbəb olur", - deyə müəlliflər izah ediblər. Mütəxəssislər qeyd ediblər ki, telefonu sadəcə söndürüb qutuya qoymaq düzgün deyil. Əks halda, uzun müddətdən sonra cihazı yenidən işə salmaq mümkün olmaya bilər.
Mənbə
oxu.az