Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
Azərbaycanda sənədsiz evlərin sonradan rəsmiləşdirilməsi və onlara çıxarış verilməsi uzun illərdir vətəndaşları narahat edən əsas problemlərdən biridir. Bəs sənədi olmayan evin rəsmiləşdirilməsi və ona çıxarış alınması hansı hallarda mümkündür?
Axar.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, sənədsiz evə çıxarışın alınması yalnız müəyyən hüquqi əsaslar mövcud olduqda mümkündür.
Ekspertin sözlərinə görə, belə hallarda əmlakın hüquqi statusunun müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır.
“Sənədsiz ev üçün sonradan çıxarış almaq yalnız məhkəmə qaydasında mümkündür. Bunun üçün ciddi hüquqi əsaslar olmalıdır. Əgər ev əvvəlcədən qanunsuz tikilibsə və tikinti zamanı qanunvericiliyin tələbləri pozulubsa, belə əmlakın rəsmiləşdirilməsi mümkün olmaya bilər”, – deyə Elnur Azadov bildirib.
Ekspert qeyd edib ki, bəzi hallarda problem evin tamamilə qanunsuz tikilməsi ilə deyil, sənədlərin natamam olması və ya rəsmiləşdirmə prosedurlarının vaxtında tamamlanmaması ilə bağlı olur. Belə vəziyyətlərdə məhkəmə təqdim olunan sübutları və əmlakın hüquqi statusunu araşdıraraq müvafiq qərar qəbul edir.
“Əgər söhbət yalnız müəyyən sənəd çatışmazlıqlarından gedirsə, məhkəmə həmin əmlak üzərində mülkiyyət hüququnu tanıya bilər. Lakin hər bir iş fərdi qaydada qiymətləndirilir və evin sadəcə faktiki mövcudluğu çıxarış almaq üçün kifayət etmir”, – deyə ekspert vurğulayıb.