Dünya

Danimarkada şagirdlərin süni intellektlə yazılan ev tapşırıqlarına qarşı SƏRT QAYDALAR

07 Aug 2026, 21:36 3 baxış
Danimarkada şagirdlərin süni intellektlə yazılan ev tapşırıqlarına qarşı SƏRT QAYDALAR
Danimarkada yeni tədris ilinin başlanması ilə orta məktəblərin yuxarı siniflərində süni intellektdən istifadə etməklə köçürmənin qarşısını almağa yönəlmiş yeni qaydalar qüvvəyə minəcək. Oxu.Az "Euronews" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Maqnus Heynike məlumat verib. Nazirin sözlərinə görə, məktəblərdə generativ süni intellekt alətlərindən istifadə etməklə ev tapşırıqlarının və yazılı işlərin hazırlanması halları artıb və bu vəziyyət təcili tədbirlərin görülməsini zəruri edir. Yeni qaydalara əsasən, evdə hazırlanan bütün yazılı işlərin məcburi şifahi müdafiəsi təşkil olunacaq. Bu tələb hər il orta məktəblərdə təxminən 9 min şagirdin verdiyi əsas yazılı imtahan olan SSO-ya da şamil ediləcək. Bundan əlavə, yazılı imtahanlar zamanı məktəblərdə ekran monitorinqi sistemləri tətbiq olunacaq. Təhsil müəssisələri, həmçinin dərs və imtahan prosesində internet məzmununu süzgəcdən keçirmək üçün xüsusi proqram təminatından istifadə etməli olacaqlar. Təhsil Nazirliyi daha çox yazılı tapşırığın birbaşa məktəbdə, müəllim nəzarəti altında yerinə yetirilməsini də tövsiyə edir. Qurum hesab edir ki, bu yanaşma şagirdlərin iş prosesini daha yaxından izləməyə, vaxtında rəy bildirməyə və qiymətləndirmənin obyektivliyini artırmağa imkan yaradacaq. Maqnus Heynike bildirib ki, məktəblər, müəllimlər və şagirdlərlə qısamüddətli və uzunmüddətli tədbirlərlə bağlı müzakirələr aparılacaq: "Süni intellektin şagirdlərin bacarıqlarına, akademik potensialına və ən əsası, müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərməsinin qarşısını almaq üçün birgə həll yolları tapmalıyıq". Qeyd edək ki, Norveç ibtidai sinif şagirdlərinin süni intellekt alətlərindən istifadəsinə demək olar ki, tam qadağa tətbiq etməyi, daha böyük yaş qruplarında isə bu texnologiyalardan istifadəni məhdudlaşdırmağı planlaşdırır. İsveçdə 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan olunması ilə bağlı təkliflər irəli sürülüb. Böyük Britaniyada isə 16 yaşadək şəxslərin sosial şəbəkələrə çıxışına məhdudiyyətlərin tətbiqi müzakirə edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər