Kriminal
Göyçayda sahibkar qadını kafedə sevgilisi bıçaqladı
Göyçay rayonunda sahibkar qadın kafedə bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Əli Kərim küçəsində fəaliyyət göstərən "Manqal" kafesində baş verib. Şəhər sakini, 1993-cü il təvəllüdlü Novruz Məmmədov (soyad şərtidir) şəhər sakini Fatimə adlı xanımla tanış olub və bir müddətdən sonra onların aralarında sevgi münasibətləri yaranıb. Bir müddət əvvəl Fatimə şəhər ərazisindəki "Manqal" kafesini icarəyə götürüb və kafenin fəaliyyətini bərpa edib. Axşam saatlarında Novruz dostu ilə kafeyə gələrək pivə içib. O, həmin vaxt Fatimənin müştərilərə ofisiant kimi yaxınlaşdığını görüb və qadının bu hərəkəti onu qıcıqlandırıb. Novruz Fatiməyə yaxınlaşaraq ona irad bildirəndə aralarında mübahisə yaranıb. Bu vaxt Novruz üzərində gəzdirdiyi bıçaqla qadına döş qəfəsindən iki dəfə xəsarət yetirib, hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq elan olunub və məhkəmə cinayət işinə xitam verib.
Mənbə
oxu.az