Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nömrə nişanlı yük avtomobillərinin Gürcüstanın sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı respublikamızın bu ölkədəki səfirliyinin təqdim etdiyi diplomatik notaya münasibət bildirib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Gürcüstan XİN-dən Aktual.ge portalının sorğusuna bildirilib ki, qeyd olunan məsələ müvafiq dövlət qurumlarının diqqətinə çatdırılıb və bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
“5 avqust tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib.
Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarına çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər”, - deyə Gürcüstan XİN-in açıqlamasında bildirilib.
Xatırladaq ki, Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildiriblər.