Dünya
Ceff Bezos "Amazon" səhmlərini 350 milyon dollara satıb
Amerikalı milyarder Ceff Bezos rəhbəri olduğu "Amazon" şirkətinin səhmlərinin qiyməti tarixi maksimuma yüksəldikdən sonra 350 milyon dollar dəyərində səhm paketini satıb. Oxu.Az bu barədə "Vedomosti" nəşrinə istinadən xəbər verir. Məlumata görə, avqustun 3-də "Amazon"un bazar kapitallaşması tarixdə ilk dəfə 3.08 trilyon dollara çatıb. Şirkətin səhmləri bir gün ərzində 5.27% bahalaşaraq hər səhm üzrə 285.9 dollar səviyyəsinə yüksəlib. "Reuters"un məlumatına əsasən, səhmlərin kəskin bahalaşması şirkətin yarımillik güclü maliyyə nəticələrini açıqlamasından sonra baş verib. "Bloomberg" yazır ki, Bezos daha əvvəl ümumi dəyəri 4 milyard dollardan çox olan 15 milyon səhm satmağı planlaşdırdığını açıqlamışdı. Səhmlərin bu il bahalaşması nəticəsində onun sərvəti 38.7 milyard dollar artaraq 292 milyard dollara yüksəlib. Səhmlərin bir hissəsini satmasına baxmayaraq, Ceff Bezos 8.16% payla şirkətin ən böyük səhmdarı olaraq qalır.
Mənbə
oxu.az