Cəmiyyət

Bəhruz Məhərrəmov: "Vardanyanın rəhbərlik etdiyi maliyyə şəbəkələrinin çirkli vəsait yuduğu sübut edilib"

05 Aug 2026, 20:48 2 baxış
Bəhruz Məhərrəmov: "Vardanyanın rəhbərlik etdiyi maliyyə şəbəkələrinin çirkli vəsait yuduğu sübut edilib"
"Dünyanın nüfuzlu elm və texnologiya xadimi, ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin xüsusi təchizatçısı, "B-2 stealth" bombardmançı təyyarələrinin örtük texnologiyalarının müəllifi Ergün Kırlıkovalının akademik Nassim Nikolas Talebə ünvanladığı açıq məktub Ruben Vardanyan ətrafında illərdir formalaşdırılmış "xeyriyyəçi və filantrop" maskasını birdəfəlik cıraraq, onun kriminogen mahiyyətinin beynəlxalq hüquqi və siyasi müstəvidə ifşası üçün mühüm analitik əsas yaratdıb". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Talebin "X" sosial şəbəkəsində Vardanyan həbsdə olduğu üçün Bakıda mühazirə oxumaqdan imtina etməsinə cavab olaraq Kırlıkovalı haqlı olaraq vurğulayır ki, risklər və "narrativ xətaları" haqqında yazan bir alimin Vardanyanın təbliğat qalxanına aldanması böyük ironiyadır: "Məlumdur ki, OCCRP-nin Troika Laundromat araşdırmaları Vardanyanın rəhbərlik etdiyi maliyyə şəbəkələrinin offşor zonalar vasitəsilə milyardlarla dollar çirkli vəsaiti yuduğunu sübut edib. Ukraynadakı hərbi münaqişə fonunda onun Rusiya hərbi-sənaye kompleksini maliyyələşdirməsi və sanksiyalardan yayınma mexanizmlərində iştirakı onun fəaliyyətini Transmilli Mütəşəkkil Cinayətkarlıq haqqında BMT-nin Palermo Konvensiyasının təsiri altına düşdüyünü göstərir. Vardanyanın Azərbaycan Respublikasının suveren ərazilərinə - Qarabağa qanunsuz daxil olaraq qondarma rejimdə post tutması beynəlxalq hüququn BMT Nizamnaməsinin 2-ci maddəsində ehtiva olunan təməl prinsiplərindən birinin birbaşa tapdanmasıdır. O, dövlət sərhədimizi pozaraq separatçı rejimi möhkəmləndirməyə çalışmış, qanunsuz hərbi birləşmələri maliyyələşdirməklə Beynəlxalq Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə haqqında Konvensiyanın müddəalarını tapdalamışdır. Həmçinin Vardanyanın fəal iştirakı ilə işğal olunmuş ərazilərdə təbii resursların talanması və qanunsuz silahlı birləşmələrin saxlanılması 1949-cu il Cenevrə Konvensiyalarının ağır pozuntusudur". B.Məhərrəmov vurğulayıb ki, hazırda Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən ona qarşı terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələr yaratma və sərhədi qanunsuz keçmə maddələri üzrə irəli sürülmüş ittihamlar bu baxımdan ədalətli və praqmatik olmaqla, beynəlxalq hüquqi presedentlərə tam uyğundur: "Kırlıkovalının məktubu beynəlxalq elitanı məhz bu transmilli cinayət şəbəkəsinin mahiyyətini görməyə çağırır. Qərbdə "humanitar xadim" obrazı yaradan, əslində isə çirkli pulların yuyulması və separatizmin maliyyələşdirilməsi ilə məşğul olan Ruben Vardanyanın Azərbaycanda mühakiməsi beynəlxalq hüququn aliliyi və cəzasızlıq təcrübəsinə son qoyulması baxımdan, habelə ümumbəşəri təhdidlərlə mübarizə məzmununda zəruri və qaçılmazdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər