Cəmiyyət

"Mənim uşağım bunu etməz" deməyin: Təhlükə onun cibindədir

05 Aug 2026, 18:48 6 baxış
"Mənim uşağım bunu etməz" deməyin: Təhlükə onun cibindədir
Kubra Məhərrəmova yazır... İndiki zəmanədə uşaq böyütmək çox çətinləşib. O qədər kənar təsir var ki, bilmirsən hansının qarşısını alasan. Qonşu-qohumdakı münasibəti, sosial mühitin, telefonun təsirini neytrallaşdırasan... Az qala danışmağı, yeriməyi bacarmayan körpələrin əlində belə telefon var. Hərəsinin də bir kaprizi. Əgər diqqət etmisinizsə, balaca uşaqlar telefonda baxıb-gördükləri dildə danışır, orada gördükləri tərzdə davranış sərgiləyirlər. Bir də görürsən ki, uşağın danışdığı dil də baxdığı qısa videolar, "reels"lər kimi qarışıq hala düşüb. Uşaqlar artıq real dünya ilə virtual dünyanı səhv salır, həyata oyun kimi baxırlar. Çoxunun psixoloji vəziyyəti də mürəkkəbləşir. Dünyanı tanımaq əvəzinə sosial şəbəkə "fenomenlərini" tanıyır, özünü onlara bənzətməyə çalışır. Yaşlı-başlı adamlar belə sosial şəbəkələrin təsirinə asanlıqla düşürlərsə, təbii ki, psixologiyası hələ formalaşmamış uşaqdan heç nə tələb edə bilmərik. Diqqət edin, sosial şəbəkələrdə nə qədər "ağbirçək", "ağsaqqal" peyda olub ki, davranışları, yumşaq desək, əxlaq normalarına uyğun gəlmir. Biri anormal rəqs edir, digəri anormal mahnı oxuyur. Hamısı da məşhur olmaq, "ekranı tıklamaq" və "şir" qazanmaq üçün min oyundan çıxır. Bu hələ aysberqin görünən hissəsidir. Bir də sosial şəbəkələrin görünməyən tərəfində qalan daha qorxulu təhlükələr var. Pedofiliya, seksual qısnama, şantaj, onlayn qumar oyunları və s. Pedofiliya və seksual qısnama barədə daha əvvəl yazmışdım. Lakin sosial şəbəkələrin yaratdığı təhlükələr təkcə əxlaqi deqradasiya və ya zərərli məzmunla məhdudlaşmır. Görünməyən, daha ciddi risklər də var. Onlardan biri də uşaqları və yeniyetmələri hədəf alan onlayn qumar platformalarıdır. Bu oyunlara dəvət isə sosial şəbəkələrdən gəlir. Əlvan görüntülərlə, böyük uduşlar vəd edən bu oyunların reklamları dayanmadan adamın qarşısına çıxır. Yaşlı-başlı adam belə bu reklamların vədlərinə inanıb evini-eşiyini sataraq qumara qoyursa, bir də uşaqları düşünün. Bir dəfə oyuna girdisə, artıq oradan çıxa bilmir. Diqqətinizə çatdırım ki, əsrimizin bəlalarından biri artıq ludomaniyadır. Bir neçə klik kifayət edir ki, uşaq "asan qazanc" vədi ilə qurulan tələnin içinə düşsün. Bu platformalar oyunu əyləncə kimi təqdim etsələr də, əsl məqsəd istifadəçini mümkün qədər uzun müddət sistemdə saxlamaq və pul xərcləməyə məcbur etməkdir. Ən təhlükəlisi isə odur ki, onlayn qumar artıq kazino qapısından yox, uşağın cibindəki telefondan onun həyatına daxil olur. Və heç vaxt deməyin ki, "mənim uşağım bunu etməz". Əfsuslar olsun ki, sosial şəbəkələr elə alqoritmlər üzərində qurulub ki, istənilən adamı müxtəlif tələlərə sala bilir. Bu arada, Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinə qoyulan məhdudiyyətlərin çox doğru qərar olduğuna inanıram. Çünki valideynin buna fiziki olaraq nəzarət etməsi artıq qeyri-mümkündür. Necə deyərlər, "cin şüşədən çıxıb". Əgər düşünürsünüzsə ki, sosial şəbəkələrdə sizin uşağınıza pedofil, təhlükəli cinayətkar, oğru-quldur və ya qumarbaz rast gəlməyəcək, o zaman sosial şəbəkələrin baza zərərləri haqqında danışaq. İlk növbədə, uşaqlarda diqqət müddətinin qısalması baş verəcək. Qısa videolara öyrəşən uşaq kitab oxumaqda, dərs dinləməkdə və uzun müddət bir işə fokuslanmaqda çətinlik çəkəcək. Hər şeyin 15-30 saniyəyə sığmasını istəyəcək. Çünki 30 saniyəlik videolara ("reels"lərə) öyrəşib. Daha sonra uşaqda səbir, gözləmək və hövsələ hissinin azalmasına şahid olacaqsınız. Sosial şəbəkələr hər istəyə dərhal cavab verir. Bu isə uşağın real həyatda gözləməyi, nəyəsə nail olmağın real addımlar və müəyyən zaman tələb etdiyini dərk etməsinə mane olur. Nəhayət, yuxu problemləri yaranacaq. Gec saatlara qədər telefondan istifadə edən uşağın yuxu rejimi pozulur. Keyfiyyətsiz yuxu isə həm sağlamlığa, həm də məktəbdəki nailiyyətlərə təsir edir. Telefonu ondan almaq istəyəndə isə aqressiya və isterika ilə qarşılaşacağınıza hazır olun. Bir müddət sonra isə sizinlə və digər ailə üzvləri ilə canlı ünsiyyətdən qaçacaq. Ekran qarşısında saatlarla vaxt keçirən uşaq həmyaşıdları ilə ünsiyyət qurmaqda, fikrini ifadə etməkdə və münaqişələri həll etməkdə çətinlik çəkəcək. Münaqişələr onun üçün bəzi hallarda qlobal problemə çevriləcək. Məsələnin pik nöqtəsi isə uşağın özünü başqaları ilə müqayisə etməyə başlamasıdır. Sosial şəbəkələrdə gördüyü parlaq, qlamur həyat onu real həyatdan qoparacaq. Uşaq özünü uğursuz, kasıb, eybəcər, kök və ya arıq hiss edəcək. Yəni reallıqdan tam qopub illüzor dünyaya düşəcək. Bu, yaxşı halda onun özünəinam hissini sarsıdacaq, ən pis halda isə nevrotik və digər psixoloji problemlərə yol aça bilər. Həyatı hələ tam anlamayan balaca insan influenserlərin reklam etdiyi hər oyuncağı, telefonu və ya başqa bir əşyanı isterik dərəcədə istəməyə başlayır. Bu da ailə daxilində narazılığa, bəzən isə böyük problemlərə gətirib çıxarır. Bundan savayı, bir müddət aqressiv videolar izləyən uşaq zorakılığı adi davranış qaydası kimi qəbul etməyə başlayır və onda kobud davranışlar üzə çıxır. Onun üçün zorakılıq normal hala çevrilir. Təbii ki, bu da cəmiyyət içində ona böyük problemlər yaradır. Və yenə də seksual qısnama və pedofiliya təhlükəsini xatırladıram. Uşaqlar bilmədən şəxsi şəkillərini, ünvanlarını və digər məlumatlarını cinayətkarlarla paylaşa bilərlər. Bunun hansı faciələrlə nəticələnə biləcəyi barədə isə düşünmək belə istəməzdim. Uzun sözün qısası, bu gün hamımız olduqca diqqətli və ayıq-sayıq olmalıyıq. Mən başa düşürəm ki, uşaqları və yeniyetmələri bu gün internetdən, telefondan və digər texnoloji vasitələrdən tamamilə uzaq tutmaq mümkün deyil. Amma bu gün tədbir görməsək, sabah çox ağır nəticələrlə üz-üzə qala bilərik.
Mənbə oxu.az

Oxşar Xəbərlər