Dünya
KİV: Kral III Çarlz oğlu Harriyə dəstək verməyə hazır olduğunu bildirib
Böyük Britaniya Kralı III Çarlzın oğlu, şahzadə Harriyə Meqan Marklla evliliyində yarandığı iddia olunan problemlərin həllində dəstək verməyə hazır olduğu bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə "Star" nəşri öz mənbəsinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, III Çarlz baş verənləri kənardan izləyir və Harrinin nikahının dağılmasını istəməsə də, ən möhkəm münasibətlərin belə ciddi təzyiq altında sarsıla biləcəyini anlayır. "Çarlz özü də ictimaiyyətin diqqəti altında baş vermiş boşanma prosesindən keçib və qapalı qapılar arxasında baş verənlərin insanların gördüklərindən fərqli ola biləcəyini yaxşı bilir. O istəyir ki, Harri bilsin: əgər nə vaxtsa özünü çıxılmaz vəziyyətdə, ruhdan düşmüş və ya çaşqın hiss etsə, atası onu mühakimə etməyəcək, dinləyəcək və bacardığı qədər müdrik məsləhətlər verəcək", - deyə mənbə bildirib. Qeyd olunub ki, KİV-də daha əvvəl də Meqan Markl və şahzadə Harrinin evliliyində problemlərin olduğu barədə xəbərlər yayılıb. Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib. Mənbənin sözlərinə görə, III Çarlzın ən böyük arzusu Harrinin bu çətinliklərlə təkbaşına mübarizə aparmaq məcburiyyətində olmadığını bilməsidir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər