Dünya
ABŞ Senatı Epşteynin ortağının əfv olunmaması ilə bağlı qətnamə qəbul edib
ABŞ Senatı amerikalı maliyyəçi və cinsi istismar cinayətlərində ittiham olunan Ceffri Epşteynin yaxın əməkdaşı Qisleyn Maksvellin əfv olunmasına qarşı çıxış edən qətnaməni yekdilliklə qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb. Qətnamə Nevada ştatından demokrat senator Ceki Rozen tərəfindən irəli sürülüb. Sənəddə bildirilir ki, ədalətin təmin olunması üçün Maksvell azyaşlıların cinsi istismarı məqsədilə insan alverində təqsirli bilinərək aldığı 20 illik həbs cəzasını tam şəkildə çəkməlidir. Senator Ceki Rozen məsələ ilə bağlı bildirib: "Açığını desəm, Trampın belə bir əfv ehtimalını qısa müddətə də olsa nəzərdən keçirməsi qorxuncdur. Uzun illər ərzində azyaşlı qızlara qarşı zorakılıq edən bir canavara köməklik göstərən şəxs heç bir halda əfv edilməməlidir". Senat yekdilliklə belə qənaətə gəlib ki, Qisleyn Maksvellin əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi ədalət prinsipləri ilə bir araya sığmır.
Mənbə
oxu.az