Dünya
Türkiyədə "Ahbap" istintaqı çərçivəsində iş adamı həbs edildi
İstanbul Baş Prokurorluğunun artıq ləğv prosesinə başlanılan "Ahbap" dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində daha yeddi şübhəli həbs edilib, altı nəfər isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilməklə sərbəst buraxılıb. Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir. Məlumata görə, həbs edilənlər arasında iş adamı Hüseyin Başaran da var. Bununla da, istintaq çərçivəsində məhkəmə qərarı ilə həbs olunanların ümumi sayı 35-ə çatıb. Qeyd edək ki, bu iş üzrə daha əvvəl "Ahbap" dərnəyinin təsisçisi, musiqiçi Haluk Levent və "Babala TV"nin yaradıcısı Oğuzhan Uğur da həbs ediliblər. İstintaq materiallarına əsasən, Haluk Leventin dərnəyin adından və ianə vədlərindən istifadə edərək zərərçəkmişlərdən daşınmaz əmlak əldə etdiyi iddia olunur. Bildirilir ki, həmin əmlaklar əvvəlcə onun köməkçisi Yeliz Kayaya ötürülüb, daha sonra isə müxtəlif şəxslərin adına rəsmiləşdirilib. İddialara görə, bu sxem nəticəsində zərərçəkənlərə ümumilikdə 60 milyon dollar məbləğində ziyan dəyib.
Mənbə
oxu.az