Dünya
Uzunömürlü sakinlər həyatlarının son illərini daha çox xəstəliklə keçirirlər - Yeni araşdırma
Yeni araşdırmaya görə, uzun ömür hər zaman sağlam həyat demək deyil. Alimlər müəyyən ediblər ki, uzunömürlülük göstəricilərinə görə lider olan ölkələrin sakinləri ömürlərinin son illərini daha çox xəstəliklə keçirirlər. Oxu.Az xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan tədqiqatda 2023-cü il üzrə 204 ölkənin məlumatları təhlil edilib. Məlum olub ki, Sinqapurda orta ömür uzunluğu 85 ildən çox olsa da, sağlam ömür müddəti təxminən 80 il təşkil edir. Beləliklə, sakinlər ömürlərinin son 11.2 ilini müxtəlif sağlamlıq problemləri ilə keçirirlər. Araşdırmaya görə, dünyada orta ömür uzunluğu 1990-cı ildəki 64.6 ildən 2023-cü ildə 73.8 ilə yüksəlib. Lakin sağlam ömür uzunluğu bu artımla ayaqlaşmayıb və hazırda insanlar yetkin həyatlarının təxminən hər yeddi ilindən birini sağlamlıq problemləri ilə yaşayırlar. Tədqiqat müəlliflərindən biri - Sinqapur Milli Universitetinin alimi Mari Nq bildirib ki, hazırda insanların əksəriyyəti həyatının 10 ildən çoxunu xroniki xəstəliklərlə keçirir. Bu xəstəliklərə bel ağrıları, eşitmə itkisi, nevroloji pozuntular və şəkərli diabet daxildir. Birmingem Universitetinin professoru Saymon Cons isə qeyd edib ki, sağlam ömür uzunluğu ilə ümumi ömür uzunluğu arasındakı fərqin əsas səbəblərindən biri dayaq-hərəkət sistemi xəstəlikləridir.
Mənbə
oxu.az