Dünya
Ermənistandan Rusiyaya aparılan 40 minə yaxın qızılgül məhv edilib
Rusiyanın Smolensk vilayətində Belarusdan saxta sənədlərlə gətirilməsinə cəhd edilən ermənistanmənşəli böyük qızılgül partiyası məhv edilib. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, qurumun müfəttişləri gömrük əməkdaşları ilə birgə Belarus vətəndaşının idarə etdiyi yük maşınını saxlayıblar. Avtomobil Minsk vilayətindən Moskvaya gedirmiş, müşayiətedici sənədlərdə isə yük sərinləşdirici spirtsiz içkilər kimi göstərilibmiş. Yük hissəsinə baxış zamanı içkilər əvəzinə 39 200 ədəd qızılgül aşkarlanıb. Çiçəklərin fitosanitar sənədləri olmayıb, etiketlərdə isə onların ermənistanmənşəli olduğu göstərilib. Xatırladaq ki, "Rosselxoznadzor" mayın 22-dən etibarən Ermənistandan çiçək idxalını məhdudlaşdırıb. Səbəb kimi keyfiyyəti bəyan edilən standartlara cavab verməyən yoluxmuş çiçəklər göstərilib. Qurum, həmçinin İrandan da Rusiyaya çatdırılmalar üçün çiçəklərin sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib. "Rosselxoznadzor"dan bildirilib ki, İran məhsulları xarici görünüşünə və qablaşdırmasına görə Ermənistandan olan çiçəklərə oxşayır.
Mənbə
oxu.az