Dünya
KİV: Viktor Yanukoviç adını dəyişib
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç hazırda Soçidə yaşayır və Oleq Nikolayeviç Leonov adına sənədlərdən istifadə edir. Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın "Telebaçennya Toronto" "YouTube" kanalının araşdırmasında deyilir. Jurnalistlər öz araşdırmalarında Rusiya reyestrlərindən, məlumat bazalarının sızmasından, həmçinin sosial şəbəkələrdəki fotoşəkillərdən, paylaşımlardan və digər açıq mənbələrdən istifadə ediblər. Məlumata görə, Yanukoviç, Soçidə sahəsi təxminən üç hektar olan "Blaqodat" kompleksində həyat yoldaşı Lyubov Polejay ilə birlikdə yaşayır. Onun adına iri torpaq sahələri, Moskvada mənzillər, bir neçə ev və digər daşınmaz əmlaklar rəsmiləşdirilib. Araşdırma müəlliflərinin verdiyi məlumata əsasən, Yanukoviç Oleq Leonov adına sənədlərdən 2014-cü ildən istifadə edir. Jurnalistlər qeyd edirlər ki, Leonova Ukraynanın keçmiş prezidentinin anasının qızlıq soyadıdır. Tədqiqatçıların məlumatına görə, Yanukoviçin oğlu Aleksandr ailəsi ilə birlikdə Rusiyada yaşayır və Sokolov soyadından istifadə edir. Onun həyat yoldaşı və nəvəsi böyük həcmdə daşınmaz əmlakın və bank hesablarında bir neçə milyon dolların sahibidirlər. Xatırladaq ki, Yanukoviç 2014-cü ilin əvvəlində Ukraynadan Rusiyaya qaçıb. Ukraynada Yanukoviç dövlətə xəyanət, sərhədi qanunsuz keçmə və torpaqların qəsb edilməsi ittihamları ilə qiyabi olaraq bir neçə uzunmüddətli həbs cəzası alıb.
Mənbə
oxu.az