Maraqlı
Filmdən sonra: "A man called Otto"
Mövsümlər həqiqətən mövcuddur, yoxsa hər şey daxilimizdə baş verir? Əgər fəsillər şərti olaraq dörd dövrdən ibarətdirsə, onda yayın ortasında bir insanın daxilində qopan fırtınalar, çaxan şimşəklər, yağan yağışlar hansı fəsilə aiddir? Bəzən bir dostu, bir sevgilini, sevimli ev heyvanını, ailə üzvünü və ya həyat yoldaşını itirmək insanın daxilində - elə lap beyninin içində yaratdığı şaxta qış soyuğundan daha soyuq, ürəyinin yanğını şiddətli yay istilərindən daha qovurucu ola bilər. Heç bir fəsildə öz yerini tapmayan "daxili təbiət hadisələri" qarşısında hər kəs bir cür "geyim" geyinərək qorunur: bəzən ağlayaraq, bəzən günlərlə yataraq, insanlardan tədricən uzaqlaşaraq və ya yox olmaq istəyərək... Dünyasının ən soyuq fəslini yaşayan Ottonun da bağçasındakı güllər solmuş, ağacları qurumuş, ürəyinin ocağı sönmüşdü. Hər şeyini itirən birinə bayırda bahar olduğunu necə deyə bilərik ki?.. Tom Hənksin canlandırdığı Otto 2022-ci ildə Fredrik Bakmanın "A Man Called Ove" ("Uve adlı adam") romanı əsasında çəkilən "A Man Called Otto" ("Otto adlı adam") filminin əsas qəhrəmanıdır. Bu film həyat yoldaşı Sonyanı itirdiyi üçün hər kəsə qəzəbli olan, deyingən bir adamın hekayəsi kimi görünə bilər. Lakin əslində kədər mərhələsini çoxdan bitirib, sevdiyi qadına qovuşmaq üçün həyatına son vermək qərarı alan, bununla bağlı səliqəli və düşünülmüş planlar qursa da, bu planları pozan hadisələr silsiləsinin içine düşən bir insanın taleyini izləyirik. Daha əvvəl, 2015-ci ildə "A Man Called Ove" ("Uve adlı adam") adı ilə ekranlaşdırılan əsərin ilk versiyasında Rolf Lassqardın canlandırdığı iri cüssəli Uvenin həyat yoldaşının itkisini necə yaşadığı təsvir edilir. Tom Hənks də bu skandinaviyalı deyingənin ənənəsini əsərin bu ekranlaşdırılmasında davam etdirir: səhv park edilmiş avtomobilə görə qəzəblənir, qonşuların balaca itinə dözə bilmir və ağ köynəkli məmurlara qarşı çıxmağa hər an hazırdır. Rejissor Mark Forster orijinallıq baxımından xüsusi yenilik təqdim etməsə də, ilk mənbəyə böyük diqqətlə yanaşaraq, ona hörmət göstərdiyini nümayiş etdirməkdən çəkinməyib: bunu qəhrəmanların şirniyyat mağazasında İsveç piroqları aldığı səhnədə hiss edə bilərik. Süjetdə gözlənilməz dönüşlər olmasa da, bu Avropa hekayəsinin Amerika şəhərciyi fonunda yenidən canlanması maraqlı təəssürat yaradır. "Bəs bu ekran əsərini niyə izləməliyik?" deyə soruşsanız, deyərdim ki, hər dəfə bir qapı zəngi ilə fərqli hadisələrin içində özünü tapan və əsas "məqsədindən" hər dəfə uzaqlaşmaq məcburiyyətində qalan bu deyingən adamın narazılıqları içindəki haqlı məqamları izləmək sizə əsla vaxt itkisi kimi gəlməyəcək. Hər şeyin Ottonun düşündüyü qədər dəhşətli olmadığını görmək və nəhayət, qəhrəmanımız müdafiə divarlarını endirib gözlənilən dəyişiklikləri etməyə başlayanda hekayənin başqa bir cazibə qazandığına şahid olmaq xüsusi bir zövq verir. Qısası, film boyunca Otto həyatdan uzaqlaşmağa çalışır. Həyat isə israrla onun qapısını döyməyə davam edir. Başa düşülən odur ki, insan bəzən sadəcə yaşamaq istədiyi üçün yaşamır, kiminsə ona ehtiyacı olduğu üçün yaşayır. Beləcə, insanın həyatda qalması üçün böyük məqsədlərə ehtiyac yoxdur. "A Man Called Otto" ("Otto adlı adam") haqqında danışılarkən ilk versiyadan sonra buna ehtiyac olmadığı dəfələrlə deyilsə də, tamaşaçını həm güldürən, həm kövrəldən bu filmdən sonra qonşularınızı qucaqlamaq, orijinal filmi yenidən izləmək və ya romanı oxumaq istəyi yarana bilər.
Mənbə
oxu.az