Dünya
ABŞ-də naqqa ovunun ekstremal üsulu: Nudlinq populyarlaşır
ABŞ-nin Luiziana ştatında nudlinq - naqqa balığını tutmağın ekstremal üsulu - getdikcə populyarlaşır. Bu zaman canlı yem kimi insanlar özü olur. Oxu.Az xəbər verir ki, bu mövzu ilə bağlı məlumatı "Outside" nəşri dərc edib. 25 yaşlı balıqçı Remmi Birden prosesi belə izah edir: "Ayaq suyun altındakı yuvaya yerləşdirildikdə kürünü müdafiə edən erkək naqqa balığının ani hücumu baş verir. Əslində göy naqqanı biz yox, balıq bizi ovlayır". Daha bir peşəkar nudlinq ustası Vinni Voznyak isə bu yeni metodu təcrübədən keçirmək arzusunda olanlar üçün xüsusi turlar təşkil etdiyini vurğulayıb. Xidmət müqabilində adambaşına 400 dollar (təqribən 680 manat) tələb edən balıqçıya bir ay ərzində təxminən 400-dən çox müraciət daxil olur. Müştərilərin böyük qismi əvvəllər ümumiyyətlə balıq tutmayan şəxslərdir. Hətta bir dəfə onun təşkil etdiyi turda qadınlar əllərini və ayaqlarını suya salaraq elə ilk cəhddən böyük ölçülü balıqları ovlamağa müvəffəq olublar. Voznyak və Brilenin sözlərinə görə, onlar üçün kult fiqur 63 yaşlı Skipper Bayvins olaraq qalır. O, naqqa balıqlarını əliyalın tutmağa başlayanda cəmi dörd yaşı olub. Şimali Amerikada Bayvins bir dəfə çəkisi 50 kiloqram olan naqqa tutub, İspaniyada isə 113 kiloqramlıq balıq ovlayıb. Bioloqlar hələ ki, həyəcan təbili çalmır. Oklahoma Vəhşi Təbiəti Mühafizə Departamentinin qiymətləndirmələrinə görə, nudlerlər naqqa balığı populyasiyalarına ciddi təsir göstərəcək qədər azdır. Lakin balıq ovlayanlar üçün təhlükə tamamilə gerçəkdir: bu proses zamanı ərazidəki bataqlıqlarda yaşayan alliqatorlar və zəhərli qalxanburun ilanlarla qarşılaşmaq ehtimalı yüksəkdir.
Mənbə
oxu.az