Dünya
Hindistanda leysan və daşqınların ağır fəsadları: Azı 41 nəfər ölüb, 650 mindən çox zərərçəkən var
Hindistanın şimal-şərqində yerləşən Assam ştatında son günlər ərzində baş verən daşqınlar nəticəsində azı 41 nəfər həyatını itirib, 650 mindən çox insan isə zərər çəkib. Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar. Bildirilib ki, son 24 saat ərzində daşqınlar nəticəsində daha 10 nəfər ölüb və bununla da təbii fəlakət qurbanlarının ümumi sayı 41-ə çatıb. Leysan yağışları və həddindən artıq yağıntıların səbəb olduğu misli görünməmiş daşqın vəziyyəti ilə əlaqədar bütün xidmətlər yerlərdə fəaliyyət göstərir. Əhaliyə ərzaq, içməli su, dərman və gigiyena vasitələri paylanılır, zərərçəkmiş bölgələrdə isə xilasetmə əməliyyatları davam edir. Xilasetmə tədbirlərinə ordu, Hərbi Hava Qüvvələri və digər qurumlar cəlb edilib. Çətin gedilən ərazilərdə xarici aləmdən təcrid olunmuş insanlara ilk zərurət əşyalarının çatdırılması üçün dronlardan istifadə olunur. Hindistanın Meteorologiya Departamenti bəzi bölgələrdə gözlənilən tufan, ildırım çaxması və şiddətli yağışlarla bağlı növbəti dörd gün üçün xəbərdarlıq elan edib. Həmçinin regionun bir çox çaylarında suyun səviyyəsinin təhlükə həddi aşdığı bildirilir.
Mənbə
oxu.az