Dünya

ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi

23 Jul 2026, 10:08 2 baxış
ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi
ABŞ Konqresinin Nümayəndələr Palatası 2027-ci ildə ölkənin hərbi ehtiyaclarının qarşılanması üçün 1.15 trilyon dollar vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Sənədin lehinə Nümayəndələr Palatasının 216 üzvü səs verib, 212 nəfər isə bunun əleyhinə çıxıb. Hazırda qanun layihəsi baxılmaq üçün ABŞ Konqresinin Senatına göndəriləcək və qanunverici orqanın yuxarı palatasında qəbul ediləcəyi təqdirdə, imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq. "Politico" nəşrinin məlumatına görə, hazırda Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar layihənin Senatda müzakirəsi zamanı çətinliklərlə üzləşəcəklər. Çünki sənədin təsdiqlənməsi üçün ən azı 60 senatorun dəstəyi lazımdır. İyul ayının əvvəllərində qanunverici orqanın yuxarı palatası Senatda hazırlanan oxşar sənədi rədd etmişdi. Bundan əlavə, Nümayəndələr Palatası 95 milyard dollar həcmində vəsaitin ayrılmasını özündə əks etdirən qanunvericilik təşəbbüsünə də müsbət cavab verib. Həmin məbləğin 73 milyard dollarının İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinə sərf olunması təklif edilir. Bu sənəd də Konqresin yuxarı palatasının müzakirəsinə veriləcək. Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı zərbələri yenidən başladıb və onu Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər