Dünya

İran münaqişəsinin miqyası böyüyür: ABŞ ilk dəfə "B-1" bombardmançısından istifadə etdi

23 Jul 2026, 09:52 1 baxış
İran münaqişəsinin miqyası böyüyür: ABŞ ilk dəfə "B-1" bombardmançısından istifadə etdi
ABŞ ordusu İrana qarşı hücumlar bərpa edildikdən sonra ilk dəfə olaraq "B-1 Lancer" strateji bombardmançı təyyarəsindən istifadə edib. Oxu.Az xəbər verir ki, bu məlumatı Amerika administrasiyasındakı mənbələrə istinadən "Axios" portalı yayıb. Portalın məlumatına görə, Birləşmiş Ştatlar İrana zərbələrin bərpasından bəri ilk "B-1" döyüş uçuşunu həyata keçirib, bu isə Amerika hərbi əməliyyatlarının miqyasının genişlənməsinə və ciddi eskalasiyaya dəlalət edir. Nəşr qeyd edir ki, ABŞ "B-1" vasitəsilə İrana hücum etmək üçün Britaniyanın hərbi bazasından yararlanıb. Bundan əvvəl "Bloomberg" agentliyi öz mənbələrinə əsaslanaraq bildirmişdi ki, Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem ABŞ-nin İrana zərbələr endirməsi üçün Birləşmiş Krallığın hərbi bazalarından istifadəsinə dair sələfi Kir Starmerin verdiyi icazəni ləğv etməyib. Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Buna baxmayaraq, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək, bu ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər