Dünya
Britaniya nazirinin illər əvvəlki açıqlaması müzakirə mövzusu oldu
Böyük Britaniyanın təhsil naziri Lüsi Pauell Oksford Universitetinə qəbul olunması ilə bağlı verdiyi açıqlamada yanlış məlumat səsləndirib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. Məlumata görə, Pauell 2025-ci ildə Leyboristlər Partiyasının sədr müavini vəzifəsinə namizəd olduğu dövrdə BBC-yə müsahibəsində 1993-cü ildə Mançesterdə yerləşən Saveryan-Kollec məktəbini bitirənlər arasında Oksford Universitetinə qəbul olunan yeganə məzun olduğunu bildirib. Lakin "Financial Times"ın araşdırmasına əsasən, həmin il məktəbin daha azı üç məzunu da Oksford Universitetinə qəbul olunub. Ümumilikdə isə həmin il məktəbi təxminən 2 min nəfər bitirib. Lüsi Pauell Oksford Universitetində kimya ixtisası üzrə təhsil almağa başlasa da, bir ildən sonra London Kral Kollecinə köçüb. O, nüfuzlu ali məktəbdə oxuduğu dövrdə psixoloji çətinliklər yaşadığını və özünü "sahilə atılmış balıq" kimi hiss etdiyini etiraf edib. Qeyd edək ki, Lüsi Pauell iyulun 20-də Böyük Britaniyanın yeni hökumətində təhsil naziri təyin edilib. O, eyni zamanda Leyboristlər Partiyasının sədr müavini vəzifəsini icra edir.
Mənbə
oxu.az