Dünya

Şəhidin yarımçıq qalan vədi yerinə yetirildi - FOTO

23 Jul 2026, 00:48 1 baxış
Şəhidin yarımçıq qalan vədi yerinə yetirildi - FOTO
Ötən il noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Berkay Karacanın vəfat etməzdən əvvəl atasına Azərbaycan çayı gətirəcəyinə söz verdiyi məlum olub. Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, Azərbaycandan göndərilən çay Berkay Karacanın ailəsinə təqdim edilərək onun yarımçıq qalan vədi yerinə yetirilib. Məlumata görə, Berkay Karaca həlak olmazdan əvvəl atası ilə görüntülü danışıb və ona Azərbaycandan çay gətirəcəyini deyib. Atasının Azərbaycan çayını sevdiyini bilən hərbçinin bu arzusu Azərbaycanda yaşayan Famil Kərimovun təşəbbüsü ilə gerçəkləşib. Onun göndərdiyi Azərbaycan çayı Berkay Karacanın atası Nedim Karacaya çatdırılıb.
"Berkay qardaşımız şəhid olmazdan əvvəl atasına "Sənə Gəncədən Azərbaycan çayı almışam, gətirəcəyəm", - demişdi. Lakin bu çayı gətirmək ona qismət olmadı. Azərbaycanda yaşayan dostum Famil Kərimov bundan xəbər tutduqdan sonra mənə çay göndərdi və onu şəhidimizin ailəsinə çatdırmağımı xahiş etdi", - deyə fotoqraf Burak Tunçkol bildirib. Famil Kərimovun göndərdiyi mesajda isə deyilir: "Biz bir millət, iki dövlətik. Ailəsinə səbir diləyirəm. Bu da məndən oğlunuzun sizə gətirə bilmədiyi Azərbaycan çayıdır. Bunu bizdən, oğlunuzun sizə çatdırdığı bir əmanət kimi qəbul edin. Bu çayı dəmləyib ruhuna "Fatihə" oxuyun və ehsan olaraq paylayın". Nedim Karaca isə bu jestə görə təşəkkürünü belə ifadə edib: "Sağ olun, Allah razı olsun. Bunları Azərbaycandan göndəriblər... İndi deməyə söz tapa bilmirəm. Onlar da bizim qardaşlarımızdır. Onların da şəhidlərinə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimiz olmasaydı, bu Vətəni qoruya bilməzdik". Qeyd edək ki, fotoqraf Burak Tunçkol Kırklarelinin Lüleburqaz rayonunun Evrensekiz qəsəbəsindəki evinin bağça divarını öz vəsaiti hesabına şəhidlərin xatirəsinə həsr olunan memoriala çevirib. Divarda 210 türk və 210 azərbaycanlı olmaqla, ümumilikdə 420 şəhidin fotosu yer alır. Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə Hava Limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Şəhidin yarımçıq qalan vədi yerinə yetirildi - FOTO Şəhidin yarımçıq qalan vədi yerinə yetirildi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər