Dünya
Azərbaycanəsilli məmur Kiyev vilayətinə rəhbər təyin edildi
Ukrayna Nazirlər Kabineti azərbaycanəsilli Timur Tkaçenkonun (Məmmədov) Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmasını razılaşdırıb. Oxu.Az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ali Radada Nazirlər Kabinetinin daimi nümayəndəsi Taras Melnıçuk məlumat verib. Qərar iyulun 22-də keçirilən Nazirlər Kabinetinin iclasında qəbul olunub. Timur Tkaçenkonun namizədliyi Kiyev vilayətinin rəhbərliyində aparılan kadr dəyişiklikləri çərçivəsində irəli sürülüb. Belə ki, iyulun 16-da Ali Rada Kiyev Vilayət Dövlət Administrasiyasının sabiq rəhbəri Nikolay Kalaşniki Ukraynanın bərpası üzrə baş nazirin müavini - icmaların və ərazilərin inkişafı naziri vəzifəsinə təyin edib. Bundan bir gün sonra - iyulun 17-də Ukrayna Prezidenti Volodimir Zelenski Timur Tkaçenkonu Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. Nazirlər Kabinetinin razılığından sonra Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbərinin təyin edilməsi ilə bağlı yekun qərarı Ukrayna Prezidenti verəcək. Xatırladaq ki, Timur Tkaçenko 2024-cü il dekabrın 31-dən 2026-cı il iyulun 16-dək Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər