Dünya
ABŞ ordusunun büdcə ehtiyatları yaxın həftələrdə tükənə bilər
İranla davam edən müharibə fonunda ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) öz büdcəsini sürətlə xərcləyir. Bəzi vacib xərclər üzrə maliyyə vəsaitləri isə yaxın həftələr ərzində tamamilə tükənə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Pentaqon döyüş hazırlığını qoruyub saxlamaq məqsədilə təlim xərclərinə qənaət etmək məcburiyyətində qalıb. Qeyd olunur ki, ABŞ-nin Hərbi Dəniz və Hərbi Hava qüvvələri 2026-cı ilin büdcəsi çərçivəsində bəzi ayrılmış vəsaitləri artıq iyulun sonuna qədər xərcləyə bilər. Son həftələrdə Pentaqon silahların alınması və təlimlərə ayrılan 4.3 milyard dolların daha təcili prioritetlərin maliyyələşdirilməsinə yönəldilməsi üçün Konqresdən icazə istəyib və hazırda cavab gözləyir. Qəzet xatırladır ki, Ağ Ev bundan əvvəl hərbi əməliyyatların maliyyələşdirilməsi üçün ABŞ Konqresinə 67 milyard dolların təcili ayrılması barədə sorğu göndərmişdi. Lakin Nümayəndələr Palatasının iyulun 23-dən tətilə çıxması planlaşdırılır ki, bu da vəsaitin ayrılması ilə bağlı qərarın ən azı bir neçə həftə gecikməsinə səbəb olacaq.
Mənbə
oxu.az