Dünya
ABŞ-də həbsdə olan qeyri-qanuni miqrant Donald Trampdan 75 milyon dollar təzminat tələb edir
ABŞ-də qətlə görə uzunmüddətli həbs cəzası çəkən qeyri-qanuni miqrant, seçkiqabağı kampaniya zamanı onun işinin xatırlanmasına görə ölkə Prezidenti Donald Trampı məhkəməyə verərək 75 milyon dollar məbləğində təzminat tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb. Bildirilib ki, cəza müddəti hələ tam dəqiqləşməyən (39 ildən 102 ilə qədər) 27 yaşlı Brendon Ortis-Vite Miçiqan ştatının dairə məhkəməsinə əlyazma şəklində iddia ərizəsi təqdim edib. O, prezident tərəfindən ABŞ vətəndaşlığı verilməsini və 75 milyon dollar təzminat ödənilməsini istəyir. Telekanal qeyd edir ki, Tramp 2024-cü il seçki kampaniyasında qeyri-qanuni miqrasiya ilə mübarizəyə xüsusi önəm verib, Qrand-Rapidsdəki mitinq zamanı isə Ortis-Vitenin işini xatırladıb və cinayətkarın fotosunu nümayiş etdirərək onu "Amerikanın problemi" adlandırıb. Ortis-Vite bildirir ki, Tramp öz çıxışında onun şəxsiyyətini irqi mənsubiyyət və miqrasiya statusu səviyyəsinə endirib ki, bu da guya onu alçaldıb və ləyaqətinə toxunub. "Törətdiyim əmələ görə məsuliyyəti tamamilə öz üzərimə götürmüşəm, lakin işimin siyasi məqsədlər üçün istifadə edilməsi və televiziyada xatırlanması ədalətsiz və alçaldıcı idi. Vəziyyətin daha da pisləşə bilməyəcəyini düşündüyüm halda, hər şey daha da bərbad oldu", - deyə o, iddia ərizəsində yazıb. Miqrant əlavə edib ki, onun vəziyyəti ictimaiyyətə məlum olduqdan sonra həyatı əsl cəhənnəmə çevrilib. Vəkil Metyu Borqula telekanala açıqlamasında qeyd edib ki, Ortis-Vitenin iddiası bir sıra səbəblərə, o cümlədən Trampı məhkəmə təqibindən qoruyan prezident toxunulmazlığına görə böyük ehtimalla uğursuz olacaq. O vurğulayıb ki, siyasətçinin səsləndirdiyi bəyanatlar mahiyyətcə doğrudur və məhkəmə prosesi başlamadan bağlanmalıdır. Qeyd edək ki, Ortis-Vite 2024-cü ilin mart ayında tərəfdaşını öldürdüyünə görə məhkum edilib və hazırda Qrand-Rapidsdəki Kent qraflığının həbsxanasında saxlanılır. O, 2020-ci ildə ABŞ-dən deportasiya edilsə də, sonradan ölkəyə qeyri-qanuni yolla qayıda bilib.
Mənbə
oxu.az