Maraqlı
Filmdən sonra: Böyüklərin kiçik, uşaqların isə böyük dünyası
Turanə Hüseynli yazır... Bir insanın nə qədər böyük olduğunu anlaması üçün onun dünyasını kiçildərək rahatlıq zonasından, təhlükəsiz evindən, hər şeyə yuxarıdan baxdığı o nöqtədən çıxarıb, biraddımlıq məsafə üçün saatlarla mübarizə aparmağa məcbur etmək lazımdır... Qəddarca səslənir... Xüsusilə belə həssas dönəmlərdə. Amma bu cür fantaziyalar bəzən insanın beynini rahat buraxmır. Çünki insan çox vaxt sahib olduğu şeylərin böyüklüyünü yalnız özü kiçiləndə anlayır. Haradan bildiyimi isə soruşmayın... 1989-cu ildə çəkilən "Honey, I Shrunk the Kids" - Azərbaycan dilinə təxminən "Əzizim, uşaqları kiçiltdim" kimi tərcümə edə biləcəyimiz film ilk baxışda sadə, əyləncəli və bir o qədər də dəli fantaziya üzərində qurulub: uğursuz hesab edilən bir ixtiraçı təsadüfən öz uşaqlarını və qonşunun uşaqlarını bir neçə millimetrə qədər kiçildir. Lakin film sadəcə bu qəribə qəzadan ibarət deyil. İzlədikcə - əgər həqiqətən də ekran işinin alt mesajlarına qədər enmək niyyətiniz varsa - görürük ki, kiçilən əslində sadəcə uşaqlar deyil. Böyüklərin o sarsılmaz qüruru da, ailələrin bir-birinə qarşı qurduğu divarlar da, valideynlərlə övladların arasındakı məsafə də kiçilir. Ən önəmlisi, böyük olduğunu düşündüyümüz o süni problemlər də gözümüzdə kiçilir. Amma bu film əsla sizin gözünüzdə kiçilməsin... Co Constonun ilk tammetrajlı rejissor işi olan bu film fantastika, macəra və ailə komediyasını özündə mükəmməl şəkildə birləşdirir. 1989-cu ildə nümayişə çıxan ekran əsəri kompüter effektlərinin hər şeyi asanlıqla yaratmadığı bir dövrdə çəkilib. Buna görə də böyük ölçülü dekorasiyalar, mexaniki qurğular, maketlər, perspektiv oyunları və praktik effektlər filmin əsas vizual dilini formalaşdırır. Filmin mərkəzində olan o qəribə, dağınıq və xəyalpərəst ixtiraçı Ueyn Salinski obrazını isə Rik Moranis canlandırır. Hekayə baş qəhrəman Ueynin illərdir üzərində işlədiyi kiçiltmə cihazının nəhayət fəaliyyət göstərə biləcəyinə inanması ile başlayır. Ətrafındakı insanların əksəriyyəti isə onu ciddi qəbul etmir; bəzən insanın xəyalı öz gözündə nə qədər böyük görünürsə də, başqalarının nəzərində bir o qədər gülünc qarşılana bilir. Ueyn evinin çardağında elm və xəyal arasında özünəməxsus bir dünya qurub. Onun cihazları səs-küylüdür, evi qarışıqdır, fikirləri isə ailəsinin gündəlik ehtiyaclarından daha çox naməlum gələcəyə istiqamətlənib. Filmin əsas hadisəsi Ueynin uşaqları Eymi və Niklə qonşuları Ras və Ronun təsadüfən cihazın şüasına məruz qalaraq cəmi bir neçə millimetr ölçüsünə qədər kiçilməsi ilə başlayır. Uşaqlar daha sonra süpürülərək səhvən zibil torbasına düşür və evin arxa həyətinə atılırlar. Beləcə, normalda bir neçə dəqiqəyə keçilə biləcək adi bir həyət onlar üçün sonsuz bir qitəyə çevrilir: otlar nəhəngləşib ağac olur, su damcısı okeana çevrilir, adi bir peçenye qırıntısı isə günlərlə bəs edəcək nəhəng qida ehtiyatına dönür. Hətta bir qarışqa belə onlar üçün həm qorxulu məxluq, həm də sadiq yol yoldaşına çevrilə bilir. Filmin ən yaddaqalan obrazlarından biri məhz uşaqların "Anti" adlandırdığı qarışqadır. Əvvəlcə onların gözündə qorxulu görünən bu canlı, sonradan onların yükünü daşıyan, yollarını asanlaşdıran və təhlükə qarşısında onları qoruyan fədakar bir dosta çevrilir. Buradan oxucuya kiçik bir xəbərdarlığım var: Gündəlik həyatımızda bəzən bilmədən üstünə basdığımız, bəzən də qəsdən qurtulmağa çalışdığımız bu canlı ilə filmdən sonra çox dərin empatiya qura bilər, bir müddət qarışqalara qarşı xüsusi, incə duyğular bəsləyə bilərsiniz... Balaca qəhrəmanlarımızla "Anti" arasındakı bu münasibət filmin ən sadə, lakin ən təsirli həqiqətlərindən birini çatdırır: insan bəzən ən gözləmədiyi varlıqla belə səmimi bağ qura bilər. Filmin özünəməxsus tərəfi də budur ki, o bizə tamamilə yeni bir dünya göstərmir, sadəcə hər gün gördüyümüz dünyanı fərqli bir ölçüdə görməyimizə yol açır. "Honey, I Shrunk the Kids" daxilimizdəki o unudulmuş mərhəmət, empatiya və sevgi hisslərini bizə yenidən xatırladan filmlərdəndir. Əslində dünya heç vaxt kiçilməyib. Bəlkə də sadəcə biz böyüdükcə ona heyrətlə baxmaq qabiliyyətimizi itirmişik. Təsadüfi deyil ki, film 1989-cu ilin ən böyük kommersiya sürprizlərindən birinə çevrilib. Təxminən 18 million dollarlıq kiçik bir büdcə ilə çəkilən ekran əsəri dünya üzrə 222,7 milyon dollardan çox gəlir qazanıb. Filmin bu böyük uğuru sonradan "Honey, I Blew Up the Kid", "Honey, We Shrunk Ourselves", televiziya serialı və əyləncə parkları üçün hazırlanan xüsusi layihələrlə davam edən böyük bir franşizanın yaranmasına səbəb oldu. Yekun olaraq deyim ki, "Honey, I Shrunk the Kids" çox vaxt sadəcə nostaljik ailə komediyası kimi xatırlanır. Amma filmin dərininə endikdə, böyüklər dünyasına yönəlmiş çox incə tənqidlərə yer verildiyini görürük. Xülasə, bu ekran işi uşaqlar üçün çəkilmiş, lakin birbaşa böyüklərə danışan nadir filmlərdəndir.
Mənbə
oxu.az