"Torpedo" ilə qarşılaşmaq istəmirdik, çünki... - Sadıqov
Püşkdən əvvəl "Torpedo" ilə qarşılaşmaq istəmirdik. Təcrübəli baş məşqçiləri, tarixi ənənələri var. Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələ adladıq.
Axar.az xəbər verir ki, bunu "Zirə" komandanın baş məşqçisi Rəşad Sadıqov “Torpedo”ya qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
"Rəqibin oyunun əvvəlində sistemini dəyişməsi bizim üçün gözlənilməz oldu. Bir çox matçları analiz etmişik. Heç birində belə oynamırdılar. İlk dəqiqələrdə bu sistemə qarşı oynamaq üçün bir az çətinlik yaşadıq. Amma futbolçular yaxşı reaksiya verdilər, rəqibin təhlükə yarada biləcək hücumlarının qarşısını aldılar. Dəqiqələr ötdükcə oyunu bərabərləşdirə, daha sonra üstünlüyü ələ ala bildik. İlk hissədə vacib iki qol vurduq. Futbolçuları, klub rəhbərliyini, azarkeşləri təbrik edirəm", - baş məşqçi bildirib.
Qeyd edək ki, "Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə qarşılaşacaq.