İdman
Rəşad Rəsullu: "Dünya çempionatına satılan biletlərin 80 faizi xarici vətəndaşlar tərəfindən alınıb" - VİDEO
"Yarışın yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə sıx və koordinasiyalı əməkdaşlıq şəraitində fəaliyyət göstərir". Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rəşad Rəsullu cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransında deyib. O qeyd edib ki, dünya çempionatına hazırlıq işlərinin plan üzrə davam edir: "Dünya çempionatının bilet satışına iyulun 2-də start verilib. Azarkeşlər biletləri həm onlayn, həm də şəhərdə fəaliyyət göstərən "iTicket" satış məntəqələrindən əldə edə bilərlər. 670 bilet artıq alınıb. 80 faizi ölkə xaricindən əldə olunub. Bunlar 20-yə yaxın ölkədir. Turnirə böyük maraq var". İcraçı prezident qeyd edib ki, yarışın rəsmi əsasnaməsi iyulun 3-dən etibarən IJF tərəfindən dərc olunub və media akkreditasiyası da daxil olmaqla bütün təşkilati proseslər təsdiq olunmuş qrafik üzrə davam edir. Bildirilib ki, dünya çempionatında 100-ə yaxın ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir. Artıq Yaponiya və Fransa kimi aparıcı cüdo ölkələri yarış üçün heyətlərini açıqlayıblar. Bakıda Olimpiya, dünya və qitə çempionları olmaqla dünya cüdosunun ən güclü idmançıları mübarizə aparacaqlar. Milli komandanın hazırlıq prosesindən danışan Rəşad Rəsullu ilin əvvəlindən etibarən yığmanın Avstriya, Belçika, Fransa, Özbəkistan, Çexiya, Gürcüstan, İspaniya, İtaliya və Monqolustanda keçirilən beynəlxalq təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib. Hazırda komandanın bir neçə üzvü Yaponiyada, əsas heyəti isə Qusarda (Şahdağ) hazırlığını davam etdirir. Onun sözlərinə görə, 5-15 avqust tarixlərində millinin Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirakı nəzərdə tutulur. Eyni zamanda, növbəti aylarda bir sıra xarici milli komandaların iştirakı ilə Bakıda da beynəlxalq təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti 11-13 sentyabr tarixlərində keçiriləcək Macarıstan Böyük Dəbilqə turnirindən sonra açıqlanacaq. Heyətin formalaşdırılmasında əsas meyarlar Böyük Dəbilqə turnirlərində əldə olunan nəticələr və idmançıların məşq prosesində nümayiş etdirdikləri peşəkar yanaşma olacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər