Cəmiyyət

"Göz-gözü görmür" - Naxçıvanda işıqlandırma problemi bir aydır həll olunmur - VİDEO

16 Jul 2026, 01:36 2 baxış
"Göz-gözü görmür" - Naxçıvanda işıqlandırma problemi bir aydır həll olunmur - VİDEO
Artıq bir aya yaxındır ki, Naxçıvan şəhərinin bəzi küçə və prospektlərində işıqlandırma sistemi işləmir. Qaranlıq səbəbindən sakinlər gecə saatlarında yolu əl fənərləri vasitəsilə işıqlandırmağa məcbur qalırlar. Xüsusilə şəhərin Babək məhəlləsində yeni quraşdırılan işıq dirəklərinin də yanmaması narahatlıq doğurur. Vətəndaşlar mövcud vəziyyətin həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaratdığını bildirirlər. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Sakinlərdən biri vəziyyəti belə təsvir edib: "Ətraf qaranlıqdır, göz-gözü görmür. İşıqlandırma olmadığı üçün yollarda qəza təhlükəsi yaranır. Nə uşaqlar, nə də böyüklər yolu rahat keçə bilirlər. Burada dəfələrlə qəza baş verib. Bundan əlavə, küçələrdə sahibsiz itlər çoxalıb, binaların girişlərinə doluşur və uşaqların üstünə cumurlar. Qaranlıqda isə onları görmək mümkün deyil". Digər bir sakin problemin təxminən bir aydır davam etdiyini qeyd edib: "Bu gün elə burada bir iti maşın vurdu. Onun yerində insan da ola bilərdi. Yaşlı olduğumuz üçün axşam gəzintisinə çıxmağa qorxuruq, çünki bu qaranlıqda hərəkət etmək çox çətindir". Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin bəzi küçələrində işıqlandırma sisteminin müvəqqəti işləməməsi texniki nasazlıqlarla əlaqədardır. Qurumdan qeyd olunub ki, nasazlıqların aradan qaldırılması məqsədilə təchizatçı şirkət tərəfindən təmir-bərpa işləri aparılır və problemin qısa müddətdə həlli üçün zəruri tədbirlər görülür.
Mənbə oxu.az

Oxşar Xəbərlər