Dünya
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı ötən gün və bu gün daha 2 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 27-ə çatıb. Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən məlumat verir. Cəsədlərin kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılır. İtkin düşmüş bir nəfərin axtarışı isə davam edir. Qeyd edilir ki, tapılan cəsədlərdən birinin DNT analizi onun Orhan Bekret adlı şəxsə məxsus olduğunu müəyyən edib. Bildirək ki, ötən gün daha bir cəsəd aşkarlanmışdı. Xatırladaq ki, ŞKTR Girne limanı ilə Mersindəki Taşucu limanı arasında hərəkət edən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışdığı zaman aşıb. Bildirək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas ediliblər. Həmçinin gəminin ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisənin istintaqı çərçivəsində saxlanılaraq hakim qarşısına çıxarılıblar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib. Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə
oxu.az