Mbappe məğlubiyyətin əsas səbəblərini açıqladı
Futbol üzrə Fransa milli komandası dünya çempionatının yarımfinal mərhələsində İspaniya yığmasına qarşı keçirilən matçda qarşıya qoyulan oyun planını icra edə bilməyib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Fransa millisinin kapitanı və hücumçusu Kilian Mbappe açıqlama verib.
"Nə texniki, nə də taktik baxımdan istədiyimiz oyunu nümayiş etdirə bildik. Dünya çempionatının yarımfinalında üzərinə düşəni etməyəndə qalib gələ bilmirsən. İspaniya öz oyun planına və adət etdiyi üsluba sadiq qaldı. Onlar topa və tempə nəzarət etməyi sevirlər. Bizim planımız isə rəqibə yüksək təzyiq göstərmək və onların öz ritmini tapmasına mane olmaq idi.
Hətta topu ələ keçirdiyimiz anlarda belə ilk toxunuşlarımız yetərincə uğurlu alınmırdı. Məhz bu cür hallar məğlubiyyətə gətirib çıxarır. Bu, bizim üçün çox böyük bir xəyalqırıqlığıdır. Lakin obyektiv danışsaq, finala vəsiqə qazanmaq üçün tələb olunan bütün şərtlərə sahib deyildik", - deyə ulduz futbolçu qeyd edib.
Xatırladaq ki, dünya çempionatının gərgin keçən yarımfinal qarşılaşmasında İspaniya millisi Fransa komandasını 2:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb. Matçın taleyini həll edən qollara 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal və 58-ci dəqiqədə Pedro Porro imza atıblar.
Qeyd edək ki, Argentina və İngiltərə yığmalarının iştirakı ilə keçiriləcək ikinci yarımfinal matçı bu gün baş tutacaq. Turnirin böyük finalı isə iyulun 19-na təyin olunub.