Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...
Reklam kommunikasiyasında diqqət çəkmək vacib hədəflərdən biridir. Lakin müasir PR yanaşmasında diqqət yaratmaq qədər, həmin diqqətin brend reputasiyasına necə təsir edəcəyi də strateji əhəmiyyət daşıyır. Aktyor, ssenarist Taleh Yüzbəyovun “Almond Bakery” üçün hazırladığı reklam ictimai müzakirə yaradıb və bu, kampaniyanın yüksək görünürlük əldə etdiyini göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında brend strategiyası üzrə mütəxəssis Aidə Ramiz deyib.
Onun sözlərinə görə, reklamda qadınların xarici görünüşü üzərindən müqayisənin aparılması kommunikasiya baxımından mübahisəli yanaşmadır:
“Belə mesajlar məhsulun xüsusiyyətlərini ön plana çıxarmaq əvəzinə, cəmiyyət üçün həssas olan sosial məsələləri müzakirənin mərkəzinə gətirir.
PR baxımından qiymətləndirdikdə, hər hansı məhsulun üstünlüyünü qadın obrazları və ya onların görünüşü üzərindən əsaslandırmaq reputasiya baxımından müəyyən risklər yaradır. Çünki müxtəlif auditoriyalar bu cür mesajları fərqli qəbul edir və nəticədə brend haqqında formalaşan ictimai rəy məhsulun keyfiyyətindən daha çox reklamın etik tərəfləri üzərində cəmlənə bilir”.
Mütəxəssis hesab edir ki, bugünkü kommunikasiya mühitində uğurlu kampaniyanın meyarı yalnız viral olması deyil:
“Əsas göstərici yaradılan müzakirənin brendin dəyərləri ilə nə dərəcədə uzlaşması, hədəf auditoriyada etibar yaratması və uzunmüddətli reputasiyaya müsbət təsir göstərməsidir. Bu baxımdan, xüsusilə gender və fiziki görünüş kimi həssas mövzuların reklam kommunikasiyasında ehtiyatla işlənməsi daha məqsədəuyğun hesab olunur”.