İdman
Mbappe və Tçuameni İspaniyaya qarşı oynayacaqlar? - Deşamdan AÇIQLAMA
Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində İspaniya ilə baş tutacaq həlledici matç ərəfəsində komandanın ulduzları Kilian Mbappe və Orelyen Tçuameninin durumu ilə bağlı bütün sualları cavablandırıb. Oxu.Az xəbər verir ki, bazar ertəsi fərdi proqram əsasında məşq edən Kilian Mbappenin sağlamlıq durumu ətrafında yaranan narahatlıqların tamamilə əsassız olduğu ortaya çıxıb. Mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandıran Deşam ulduz hücumçunun məşq prosesindəki yükünün sadəcə planlı şəkildə idarə olunduğunu diqqətə çatdırıb: "Kilianın vəziyyəti qaydasındadır. Heç bir futbolçu hər an eyni pik formada qala bilməz. Hər kəs kimi onun da məşq prosesində iyirmi dəqiqə əvəzinə on dəqiqə iştirak etmək haqqı var. Bəli, o, matça 100 faiz hazırdır". Dünya çempionatı çərçivəsində meydana çıxdığı altı qarşılaşmada səkkiz qol və üç məhsuldar ötürmə ilə möhtəşəm performans sərgiləyən "Real Madrid"in hücumçusu yarımfinal matçında da Fransa yığmasının ən böyük silahlarından biri hesab olunur. Deşam, həmçinin zədə səbəbindən son iki oyunu kənardan izləmək məcburiyyətində qalan Orelyen Tçuameninin də artıq yaşıl meydanlara qayıtdığını rəsmən təsdiqləyib. Addüktor əzələsindəki zədəyə görə 1/8 finalda Paraqvay (1:0) və 1/4 finalda Mərakeşlə (2:0) görüşləri buraxan yarımmüdafiəçi barədə danışan baş məşqçi, həmin matçlarda sadəcə riskə getmək istəmədiklərini vurğulayıb: "Ötən oyunda onun meydana çıxması bizim üçün çox böyük risk demək idi. Oyunçunun 100 faiz hazır olduğunu əminliklə deyə bilməzdik. Lakin bu gün o, tam olaraq sərəncamımızdadır". Xatırladaq ki, Tçuameninin iştirak etmədiyi oyunlarda mərkəz xəttini Adrien Rabyo və Manu Kone qorumuşdu. İndi isə "Real Madrid"in gənc yarımmüdafiəçisinin sıraya dönməsi İspaniya ilə kritik yarımfinal dueli ərəfəsində Fransa yığmasının mərkəzini əhəmiyyətli dərəcədə gücləndirmiş olacaq. Beləliklə, Didye Deşamın rəhbərlik etdiyi kollektiv İspaniya ilə baş tutacaq dünya çempionatının yarımfinal qarşılaşmasına Mbappe və Tçuameni də daxil olmaqla, itkisiz və tam əsas heyətlə çıxmağa hazırdır.
Mənbə
oxu.az