Kriminal

Qohumunun evindən 20 min manatlıq qızıl oğurladı

13 Jul 2026, 17:14 2 baxış
Qohumunun evindən 20 min manatlıq qızıl oğurladı
Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2026-cı ilin iyun ayında axşam saatlarında Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə hamam otağının kiçik nəfəsliyinin pəncərəsini sındıraraq daxil olub. O, evdən ümumi dəyəri 19 min 590 manat olan müxtəlif qızıl-zinət əşyalarını gizli şəkildə talayaraq hadisə yerindən uzaqlaşıb. Oğurlanan əşyalar arasında müxtəlif çəkidə boyunbağılar, bilərziklər və bir neçə qızıl üzük olub. Nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan dəyib. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bildiyini deyərək oğurladığı qızılları metronun "Memar Əcəmi" və "Nəriman Nərimanov" stansiyalarının yaxınlığındakı üç müxtəlif yerdə ümumilikdə 7 min 300 manata satdığını etiraf edib. O, saxlanıldıqdan sonra zərərçəkmişə 2 min 500 manat ödənildiyini, sonradan əlavə 11 min manatın da ödənilməsinin təklif olunduğunu, lakin zərərçəkmişin bunu qəbul etmədiyini bildirib. Zərərçəkmiş isə ifadəsində hadisə zamanı ailəsi ilə birlikdə rayonda olduğunu, evə qayıtdıqda hamam otağının nəfəsliyinin sındırıldığını, otaqların dağıdıldığını və qızıl-zinət əşyalarının oğurlandığını gördüyünü deyib. O, təqsirləndirilən şəxsin yaxın qohumu olduğunu vurğulayaraq, buna baxmayaraq onu bağışlamadığını və cəzalandırılmasını istədiyini bildirib. Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilərək ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər