Dünya
Ukraynada hərbi vəziyyət və səfərbərlik rejiminin müddəti yenidən uzadıla bilər
Ukrayna Prezidenti Volodimir Zelenski respublikada mövcud olan hərbi vəziyyət rejiminin və ümumi səfərbərliyin avqustun 2-dən etibarən əlavə 90 gün artırılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib. Oxu.Az-ın verdiyi məlumata görə, müvafiq sənədlər Ukrayna rəsmi internet səhifəsində dərc olunub. Növbəti mərhələdə qanun layihələri müvafiq profil komitəsində nəzərdən keçiriləcək və ardınca təsdiqlənmək üçün deputatların ümumi səsverməsinə təqdim ediləcək. Xatırladaq ki, Ukrayna ərazisində ümumi səfərbərlik və hərbi vəziyyət rejimi 2022-ci il fevralın 24-də elan olunub. Bu qərar qəbul edilərsə, həmin rejimlərin müddəti 20-ci dəfə uzadılmış olacaq. Ölkədə hərbi vəziyyət qaydalarının mütəmadi olaraq uzadılmasına görə yerli, parlament və prezident seçkilərinin keçirilməsi mümkün olmur. Qeyd edək ki, V.Zelenskinin prezidentlik səlahiyyətlərinin rəsmi müddəti 2024-cü il mayın 20-də başa çatıb.
Mənbə
oxu.az