İdman
Skandinaviya nağılı: Soyuqdan doğulan futbol inqilabı
1992-ci ildə futbol dünyası tarixinin ən möhtəşəm nağıllarından birinə şahid oldu. Əslində Avropa çempionatında iştirak etməməli olan Danimarka son anda Yuqoslaviyanın yerini tutdu. Heç kimin favorit saymadığı komanda turnirin sonunda kuboku başı üzərinə qaldırdı. O vaxt bu uğur "möcüzə", "nağıl" və "bir dəfə yaşanan təsadüf" kimi qiymətləndirilirdi. Amma zaman göstərdi ki, bu, təsadüf deyilmiş. İllər keçdikcə Skandinaviya ölkələri dünya futbolunda ardıcıl şəkildə öz sözünü deməyə başladı. İsveç 1994-cü il dünya çempionatında bürünc medal qazandı, İslandiya əhalisinin cəmi 400 minə yaxın olmasına baxmayaraq AVRO-2016-da bütün Avropanı heyrətləndirdi. İndi isə Norveç uzun illərdən sonra yenidən futbolun ən böyük səhnəsində güclü performansı ilə diqqət mərkəzinə çevrilib. Bu uğurların arxasında təkcə Erlinq Holand, Martin Odeqard və ya başqa istedadlı futbolçular dayanmır. Əsas fərq sistemdədir. Skandinaviya ölkələri uzun illərdir uşaq futboluna, məşqçi hazırlığına, infrastruktura və futbolçunun hərtərəfli inkişafına sərmayə yatırırlar. Onlar qısamüddətli nəticələrin yox, uzunmüddətli inkişafın arxasınca gedirlər. Danimarka, İsveç, Norveç və hətta İslandiya illərlə diqqət mərkəzində olmadılar. Onlar hər mövsüm səs-küylü uğurlar qazanmağa çalışmadılar. Əvəzində enerjilərini gələcəyə sərmayə qoymağa, futbol sistemi qurmağa yönəltdilər. Bu gün gördüyümüz nəticələr isə həmin uzunmüddətli strategiyanın bəhrəsidir. Skandinaviya ölkələri futbolun gələcəyini bir mövsüm və ya bir turnir üçün planlaşdırmadılar. Onlar onilliklər sonranı düşündülər. İstedadın təsadüfən yetişəcəyinə ümid etmək əvəzinə, istedad yetişdirən sistem qurdular. Məhz buna görə bu gün bir nəsil gedəndə onun yerini digəri doldura bilir. Müasir futbolda pul mühüm amildir. Amma pul hər şeyi həll etmir. Ən böyük büdcələrə sahib olmayan ölkələr göstərirlər ki, doğru planlama, elmi yanaşma, keyfiyyətli məşqçi hazırlığı və səbir bəzən milyonlarla avrodan daha böyük üstünlük yaradır. Biz adətən yalnız nəticəni görürük - kuboku, qələbəni, böyük futbolçuları. Amma görünməyən hissə daha vacibdir. Hər uğurun arxasında illərlə davam edən səssiz zəhmət, uğursuzluqlar və doğru qərarlar dayanır. Bəlkə də buna görə Skandinaviya futbolunu artıq "nağıl" adlandırmaq düzgün deyil. Nağıl bir dəfə baş verir. Skandinaviya isə bunu təkrar-təkrar edir. Deməli, ortada nağıl yox, sistem var. Futbol tarixinin bizə öyrətdiyi ən vacib dərslərdən biri də budur: ən böyük uğurlar gurultulu başlanğıcların deyil, səssiz şəkildə qurulan möhkəm təməllərin üzərində yüksəlir. Norveçdən danışmışkən Holand haqqında da fikirlərimi yazım. Enerjidən istifadə və oyunu oxuma baxımından Holandın oyununda mənə Messini xatırladan cəhətlər var. İkisi də oyunun hər saniyəsində eyni intensivlikdə hərəkət etmir. Bəzən matçın böyük hissəsində sanki görünmürlər, amma həlledici məqam yetişən kimi bütün enerjilərini bir epizoda yönəldərək oyunun taleyini dəyişirlər. İnsan zehni məhz belə işləyir. Enerjidən son dərəcə səmərəli istifadə edir: parlamalı olduğu ana qədər gücünü qoruyur, ehtiyac yarandığı anda isə bütün diqqətini və enerjisini bir nöqtəyə cəmləyir. Sənaye inqilabından sonra yaranan fabrik və məktəb sistemi bunu nəzərə almırdı. Buna görə də müəyyən zaman çərçivəsində orta səviyyədə, lakin fasiləsiz işləyən standart bir model quruldu. Zaman keçdikcə insanlar nizamlı işləməyi zəka ilə eyniləşdirməyə başladılar. İş saatı ərzində eyni tempdə çalışanları məhsuldar, bu qəlibə uyğun gəlməyənləri isə tənbəl hesab etdilər. Beləcə, insan zehninin təbii məhsuldarlıq modelindən uzaqlaşıldı. Əslində isə ən səmərəsiz işləmə forması daim eyni intensivlikdə çalışmaqdır. Bəlkə də elə buna görə, həm futbolda, həm də həyatda robot kimi eyni tempdə qaçanlar deyil, enerjisini doğru zamanda partlatmağı bacaran "Skandinaviya soyuqqanlılığı" qalib gəlir.
Mənbə
oxu.az