Siyasət
Tibb müəssisələrinin akkreditasiyası qaydası yeni redaksiyada təsdiq olunub
Tibb müəssisələrinin akkreditasiyası qaydası yeni redaksiyada təsdiq olunub. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Yeni təsis edilmiş tibb müəssisəsinin akkreditasiyası onun fəaliyyətə başladığı (özəl tibb müəssisələrinə münasibətdə isə lisenziya aldığı) tarixdən beş il sonra həyata keçiriləcək. Mərkəz hər təqvim ili aprelin 15-dən gec olmayaraq, növbəti təqvim ili üçün akkreditasiyası keçirilməli olan tibb müəssisələrinin siyahısını öz rəsmi internet informasiya ehtiyatında yerləşdirir. Akkreditasiya aşağıdakı mərhələlər üzrə keçirilir: - tibb müəssisəsi tərəfindən özünüqiymətləndirmənin aparılması; - Akkreditasiya Komissiyası tərəfindən tibb müəssisəsinin fəaliyyətinin akkreditasiya meyarlarına uyğunluğunun qiymətləndirilməsi. Akkreditasiya Komissiyasının tərkibi mərkəzin rəhbəri tərəfindən təsdiq edilir və sədri də daxil olmaqla, azı yeddi üzvdən ibarət olmalıdır. Akkreditasiya Komissiyasının tərkibi mərkəzin işçiləri (azı 2 nəfər), müqavilə əsasında cəlb edilən tibb müəssisəsinin göstərdiyi tibbi xidmət növləri üzrə müstəqil ekspert və mütəxəssislərdən ibarət olmaqla formalaşdırılır. Akkreditasiya Komissiyasının fəaliyyəti nazirlik tərəfindən təsdiq edilən Akkreditasiya Komissiyasının Əsasnaməsinə uyğun olaraq təşkil olunur. Akkreditasiya Komissiyasının tərkibinə cəlb edilən ekspertlər və mütəxəssislər aşağıdakı tələblərə cavab verməlidirlər: - ali təhsilli olmalı; - öz ixtisası üzrə 5 il iş stajı (tibb işçilərinə münasibətdə sertifikasiya şəhadətnaməsi) olmalı; - mərkəz tərəfindən təşkil edilən tibb müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təlimlərdə iştirak etmiş və sertifikat əldə etmiş olmalı; - son iki il ərzində akkreditasiyası keçirilən tibb müəssisəsi ilə müqavilə öhdəliyi olmamalı; - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinin tələbinə uyğun olaraq, tibb müəssisəsinə aidiyyəti olan şəxslər siyahısında olmamalı. Qərar 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Mənbə
oxu.az