Siyasət
İndi "təranə" sifariş edib əylənmək bizim növbəmizdir
Kubra Məhərrəmova yazır... Bu dəfə axırdan əvvəllə başlayaq. Hər dəfə rəsmi Bakıya qarşı "sionistlərin dostu", "İsrailin əlaltısı" kimi sözlərlə hücuma başlayanda bu məsələnin sonunu gözləyirəm. Son 30 ildə ölkəmizə qarşı ən müxtəlif qarayaxmalar, şər-böhtan, təhqir söylənilib. Ən maraqlısı da odur ki, bu "təranə"nin haradan sifariş olunduğunu çox gözəl bilirik. Elə son günlərdə də "təranə"nin səsi möhkəm gəlirdi. Amma yenə də sürü kimi hücuma keçən çaqqallar zingildəyə-zingildəyə geri çəkilməyə məcbur qaldılar. Sətiraltı mənadan sətirüstüyə keçərək bildirirəm ki, İsrail rəsmi Bakının sözünə və müdrikliyinə qulaq verərək, bəlkə də, tarix boyu ən böyük səhvini etməkdən yayındı. Belə ki, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən "Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında ermənilərin kütləvi qətllərinin soyqırımı olaraq tanınması" təşəbbüsünə dəstək verdi. * Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - FOTO Bu xəbər dünya gündəminə çıxar-çıxmaz bütün oxlar nəyə görəsə Bakıya tuşlandı. Sanki qondarma erməni soyqırımını rəsmi Bakı tanıyır. Lakin təəssüflər olsun ki, İsrail hökuməti bu fikri ilə bağlı rəsmi Bakıya məlumat verməmişdi. Hamıya bəllidir ki, bu qəbildən olan "tanınma"lar, "etiraf"lar siyasi rıçaqdır, təzyiq vasitəsidir. Kimin kimdən xoşu gəlmirsə, onun düşməni üçün ölkəsində "heykəl" ucaldır. Etiraf etmək lazımdır ki, İsraillə Türkiyə arasında yaranan gərginlik fonunda rəsmi Bakı ilk dəfə deyil ki, bütün imkan və əlaqələrini işə salaraq məsələnin həlli yolunu tapır. Çünki rəsmi Bakı həm Türkiyənin, həm də İsrailin mental və siyasi dilini bilir. Bakının bu məsələdə əlinin güclü olması da məhz bu unikallığındadır. Digər tərəfdən isə hər iki ölkə rəsmi Bakı üçün önəmlidir. Biri müttəfiqdir, digəri isə strateji tərəfdaş. Təbii ki, hər iki ölkənin bir-biri ilə ən azı normal münasibətlərdə olmasında ilk növbədə elə Bakı maraqlıdır. Və həm dostluq-qardaşlıq prinsiplərindən, həm də regionda gərginliyin qarşısını almaq məqsədilə Bakı qollarını çırmalayıb işə başladı. İsrail hökumətini qondarma soyqırımını tanımaq qərarına yenidən baxmağa çağırdı. Diqqət edin, bunu Türkiyə və Azərbaycandan başqa heç kim etmədi. Heç daim Türkiyəyə sığınan, ondan mədəd uman Fələstin belə səsini çıxartmadı. Çünki erməni məsələsi onlar üçün daha önəmlidir. Türkiyənin istənilən ixtişaşa sürüklənməsini yatıb yuxusunda görən ölkələr isə "təranə"lər sifariş edib, rəqs etməyə başladılar. Ölülərini dəfn etməmiş. Heç nəyi unutmuruq, sadəcə, qeydə alırıq. Yadınıza gəlirsə, 2010-cu ildə "Mavi Mərmərə" böhranından sonra Türkiyə-İsrail münasibətləri kəskinləşmiş və Azərbaycan rəhbərliyi iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün öz resurslarını səfərbər etməyə hazır olduğunu bəyan etmişdi. 2022-ci ildə İsrail prezidentinin Türkiyəyə səfəri uzun müddət soyuq qalan münasibətlərdə yeni səhifə açdı. İki ölkə arasında buzlar tədricən əriməyə başladı, diplomatik kanallar yenidən işə düşdü, səfirliklərin fəaliyyəti bərpa olundu və əməkdaşlıq üçün yeni imkanlar yarandı. Hamı da bilir ki, bu ağır prosesin arxasında rəsmi Bakının səyləri dayanırdı. Bu dəfə də rəsmi Bakı prinsiplərindən geri çəkilmədi. Rəsmi Bakının apardığı tədbirlər nəticəsində sözügedən təşəbbüsün qarşısı alındı. Bununla yanaşı, təşəbbüsün İsrail hökuməti və parlamenti səviyyəsində hüquqi və siyasi müstəvidə gələcəkdə inkişaf etdirilməsi ehtimalı da aradan qalxdı. Rəsmi Bakı yenə də özünü etibarlı tərəfdaş kimi göstərdi. "Sözümüz imzamızdır" ifadəsi yenə də özünü doğrultdu. Bakı heç zaman verdiyi vədlərdən boyun qaçırmadı, dediyinin arxasında durdu. Tərəfdaşlarının arasına nifaq salmağa da növbəti dəfə imkan vermədi. İndi isə "təranə" sifariş edib əylənmək bizim növbəmizdir. Diplomatik sahədə növbəti böyük uğurumuzu qeyd etmək bizim haqqımızdır. Çünki bu boyda məsələnin həlli həm də onu göstərir ki, Bakının sözü həm Ankarada, həm də Təl-Əvivdə keçir. Etibarlı tərəfdaş olmaq məhz belə məqamlarda özünü göstərir - böhranları Şərq diplomatiyasının incəliyi və Qərb praqmatizminin reallığı ilə idarə etməklə.
Mənbə
oxu.az