Dünya
COVID-19-dan sonra allergiya "partlayışı" müşahidə olunur
Rusiyanın Seçenov Universitetinin Molekulyar Tibb İnstitutunun immunopatologiya laboratoriyasının əməkdaşı, allerqoloq və immunoloq Kseniya Ryabova COVID-19 pandemiyasından sonra allergiya hallarının kəskin artması barədə danışıb. O, bu vəziyyəti koronavirus infeksiyasından sağalan xəstələrdə selikli qişaların zədələnməsi ilə əlaqələndirib. Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Life.ru" nəşrinə verdiyi müsahibədə bildirib: "COVID-19 pandemiyasından sonra biz tez-tez allergiya debütləri (ilk təzahürləri) müşahidə edirdik. Buna səbəb selikli qişaların zədələnməsi idi. Nəticədə qişalar allergenlərin adi miqdarı qarşısında belə müdafiəsiz qalır və orqanizmdəki gizli sensibilizasiya klinik formaya keçirdi". Kseniya Ryabovanın sözlərinə görə, allergiya hətta böyüklərdə belə ağır respirator infeksiyalardan, uzunmüddətli iltihabi proseslərdən və ya genetik meyl üçün təkanverici mexanizm rolunu oynayan güclü psixoemosional sarsıntılardan sonra qəfildən özünü göstərə bilər. Ekspert əlavə edib ki, çarpaz reaksiyalar istisna olmaqla, böyüklərdə əsl qida allergiyasının ilk dəfə ortaya çıxmasına olduqca nadir hallarda rast gəlinir. Məsələn, ağac tozcuqlarına qarşı allergiyası olan xəstələrdə bəzən çəyirdəkli meyvələrə də reaksiya yarana bilər.
Mənbə
oxu.az