Dünya

Britaniyada edam edilən sonuncu qadın ölümündən sonra əfv olundu

09 Jul 2026, 04:20 3 baxış
Britaniyada edam edilən sonuncu qadın ölümündən sonra əfv olundu
Böyük Britaniyada tarixdə edam edilmiş sonuncu qadın olan Rut Ellis ölümündən 71 il sonra əfv olunub. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti rəsmi məlumat yayıb. Ölkənin baş nazirinin müavini və ədliyyə naziri Devid Lemmi parlamentdə çıxışı zamanı bildirib ki, Rut Ellis "dərin ədalətsizliyin qurbanı" olub: "Böyük məmnuniyyətlə bildirirəm ki, Əlahəzrət Kral bizim tövsiyəmiz əsasında Rut Ellisə şərti əfv verilməsini təsdiqləyib". Hadisə zamanı 28 yaşı olan və hamilə vəziyyətdə olan Rut Ellis gecə klubunda hostes işləyirdi. O, 1955-ci ilin iyulunda Londonda sevgilisi, avtomobil yarışçısı Devid Bleyklini güllələyərək öldürdüyünə görə edam edilmişdi. Məlumata görə, qətldən cəmi on gün əvvəl Bleykli hamilə Rut Ellisin qarnına zərbə endirmiş və bu, onun uşaq salmasına səbəb olmuşdu. Andlılar heyəti cəmi 20 dəqiqəlik müzakirədən sonra qadına ölüm hökmü çıxarmışdı. Devid Lemmi qeyd edib ki, bu əfv Rut Ellisin qətldə günahsız olduğu anlamına gəlmir: "Lakin bu müstəsna işdə baş vermiş dərin ədalətsizliyi etiraf etmək məqsədilə ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz olunur". Qərar açıqlanarkən Rut Ellisin nəvələri də parlamentdə iştirak edirdi. Onların ailəsi illərdir ədalətin bərpası uğrunda mübarizə aparırdı. Nəvəsi Laura Enston bildirib ki, bu qərar nənəsinin başına gələnləri geri qaytarmasa da, onun edam edilməməli olduğunu rəsmən təsdiqləyir. Qeyd edək ki, Rut Ellis dəfələrlə və amansız zorakılığın qurbanı olmuşdu. Onun işi Böyük Britaniyada ölüm hökmünə ictimai münasibətin dəyişməsinə təsir göstərən əsas hadisələrdən biri hesab olunur. Xatırladaq ki, Böyük Britaniyada edam cəzası 1973-cü ildə tamamilə ləğv edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər