Dünya
Makron Əsədin əmisindən müsadirə edilmiş pulları Suriyaya qaytarmağı vəd edib
Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfəri çərçivəsində Rifat Əsədin müsadirə olunmuş əmlakından əldə edilən 50 milyon avrodan çox vəsaitin Suriyaya qaytarılacağını vəd edib. Oxu.Az "Le Monde" nəşrinə istinadən xəbər verir ki, Rifat Əsəd hazırkı prezident Bəşər Əsədin əmisi olub. O, 1982-ci ildə Həma şəhərində baş verən üsyanın qanlı şəkildə yatırılmasında iştirak etdiyinə görə "Həma qəssabı" ləqəbini almışdı. 1983-cü ildə dövlət çevrilişinə cəhd etdikdən sonra Suriyadan qovulan Rifat Əsəd mühacirətdə yaşayıb və 2026-cı ilin əvvəlində 88 yaşında vəfat edib. 2021-ci ildə Fransa məhkəməsi Suriya prezidentinin əmisini çirkli pulların yuyulması və dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi. Lakin o, həbs cəzasından yayınmaq üçün ölkəni tərk etmişdi. Rifat Əsədin Fransadakı aktivləri müsadirə olunub. Bura Parisin nüfuzlu rayonlarında onlarla mənzil, malikanələr, qəsr, atçılıq zavodu və Liondakı ofis sahələri daxildir. Müsadirə olunmuş daşınmaz əmlakın ümumi dəyəri təxminən 90-100 milyon avro arasında qiymətləndirilir. Bu vəsaitin bir hissəsinin geri qaytarılması planı Fransa və Suriya arasında imzalanmış niyyət məktubunda öz əksini tapıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər