Dünya
Ərdoğan: "ABŞ sanksiyaları artıq Türkiyə üçün problem deyil"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların artıq Ankara üçün problem yaratmadığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb. ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində qeyd edib ki, Vaşinqton Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək, çünki ABŞ dost ölkələrə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqində maraqlı deyil. "ABŞ-nin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar faktiki olaraq aradan qaldırılıb. Bu, artıq bizim üçün problem deyil", - deyə Ərdoğan iyulun 8-də keçirdiyi mətbuat konfransında bildirib. Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan "S-400" zenit-raket kompleksləri aldıqdan sonra "F-35" proqramından çıxarılmışdı. Daha sonra ABŞ rəsmi Ankara ilə bağlı CAATSA ("ABŞ-nin sanksiyalar vasitəsilə rəqiblərinə qarşı mübarizə haqqında" qanun) çərçivəsində məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi.
Mənbə
oxu.az