Dünya

Rusiyalı həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

05 Jul 2026, 07:02 2 baxış
Rusiyalı həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib. Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqan və sistemlərin funksional vəziyyəti ilə həmişə üst-üstə düşmür. Ekspert vurğulayıb ki, müasir elmdə qocalmanın vahid mexanizmi müəyyən edilməyib. Yaşlanma prosesinə hüceyrələrin sərbəst radikalların təsiri ilə zədələnməsi, telomerlərin qısalması, zülalların qlikasiyası və hüceyrədaxili təmizlənmə sistemlərində yaranan pozuntular da daxil olmaqla bir sıra amillər təsir göstərir. Kolışev bildirib ki, insan orqanizmində ən tez qocalan orqan immun hüceyrələrinin formalaşmasında mühüm rol oynayan timus vəzidir. Təxminən 21 yaşından etibarən bu vəz tədricən yağ toxuması ilə əvəz olunur və zaman keçdikcə funksiyasını itirməyə başlayır. Onun sözlərinə görə, piy toxuması, qan damarları, ürək-damar sistemi hüceyrələri, sümük iliyi və bağırsaqlar da digər orqan və toxumalarla müqayisədə daha sürətlə qocalır. Həkim bunu orqanizmin çox yüklənməsi, hüceyrələrin intensiv yenilənməsi və maddələr mübadiləsinin xüsusiyyətləri ilə izah edib. Eyni zamanda, kompensasiya mexanizmləri sayəsində beyin və qaraciyərdə yaşlanma prosesi daha yavaş gedə bilər. Ağır yüklənmələrə baxmayaraq, qaraciyər yüksək bərpa və təmizlənmə qabiliyyətini uzun müddət qoruyub saxlayır. Onkoloq əlavə edib ki, orqanizmdə ən gec qocalan toxuma isə sümük toxumasıdır. Mütəxəssis qocalmanın qarşısını tam alan universal dərmanın olmadığını da vurğulayıb. Onun sözlərinə görə, sağlam həyat tərzi bu baxımdan həlledici rol oynayır. Alkoqol qəbulu, siqaret, xroniki yuxusuzluq və stres hüceyrələrin zədələnməsini sürətləndirir. Əvəzində isə müntəzəm gəzintilər və orta intensivlikli fiziki aktivlik orqanların normal fəaliyyətini dəstəkləyir. Həkim, xüsusilə, ürək-damar sisteminin sağlamlığına diqqət yetirməyi tövsiyə edib. Çünki əzələlərin, beynin və digər həyati vacib orqanların qidalanması birbaşa sağlam qan dövranından asılıdır. Buna görə də qan təzyiqini nəzarətdə saxlamaq, aktiv həyat tərzi sürmək və risk faktorlarını minimuma endirmək sağlam ömrün uzanmasına kömək edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər