Dünya

Çin Almaniya sənayesini sıxışdırır: Minlərlə şirkət mövqeyini itirir

05 Jul 2026, 01:58 1 baxış
Çin Almaniya sənayesini sıxışdırır: Minlərlə şirkət mövqeyini itirir
Alman sənayesinin əsasını təşkil edən minlərlə ixtisaslaşmış orta müəssisə Çinlə artan rəqabət fonunda bazardakı mövqelərini itirir. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşrin yazdığına görə, Çin məhsullarının keyfiyyəti sürətlə yüksəlir və qiymət baxımından Almaniya məhsullarından təxminən iki dəfə ucuz təklif olunur. Məlumatda qeyd edilir ki, Almaniya onilliklər ərzində ilk dəfə olaraq Çindən ixrac etdiyindən daha çox yüksəktexnologiyalı sənaye məhsulu idxal edir. "EY" şirkətinin hesabatına əsasən, Almaniya sənayesi hər ay 10 mindən çox iş yerini itirir. Ölkədə sənaye istehsalı isə 2022-ci ilin fevralından 2026-cı ilin əvvəlinədək təxminən 10 faiz azalıb. Sənaye avadanlıqları üçün qızdırıcı sistemlər istehsal edən "Aura" şirkətinin direktoru Patrik Burkhart bildirib ki, son altı ay ərzində Çinlə rəqabət kəskin şəkildə güclənib və sifarişlər demək olar ki, dayanıb. Onun sözlərinə görə, hazırda şirkətin istehsalının 20 faizi Çində həyata keçirilir. Mövcud vəziyyət davam edərsə, bu göstərici 70 faizə çata bilər. Nəşr qeyd edir ki, Çin dövlətin "10 min kiçik nəhəng" proqramı çərçivəsində ixtisaslaşmış orta müəssisələri məqsədyönlü şəkildə inkişaf etdirərək Almaniyanın "gizli çempion" şirkətlərini bazardan sıxışdırmağa çalışır. Bu il Çinin Almaniyaya ixracı ötən illə müqayisədə 17 faiz artıb. Uzun illər azad ticarətin tərəfdarı olan Almaniya şirkətləri artıq hökumətdən dövlət tərəfindən dəstəklənən Çin şirkətlərinə qarşı müdafiə tədbirlərinin görülməsini tələb edirlər. Avropa İttifaqında Çinə qarşı yeni ticarət tədbirləri müzakirə olunsa da, onların ən tez bir ildən sonra qüvvəyə minəcəyi bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər