Maraqlı

Filmdən sonra: Yay fəslini müxtəlif rənglərdə göstərən beş ekran işi

03 Jul 2026, 15:00 1 baxış
Filmdən sonra: Yay fəslini müxtəlif rənglərdə göstərən beş ekran işi
Turanə Hüseynli yazır... Bəlkə də mənimlə razılaşarsınız. Yay başqa fəsillər kimi deyil, özünəməxsus bir xüsusiyyəti var: Heç vaxt olduğu kimi xatırlanmır. İllər sonra "2025-ci ilin yayı" və ya "ötən avqust" yadımıza düşmür. Əvəzində dənizdən gələn duz qoxusu, samovar qoxusu, asfaltın istisi, axşamüstü küləyi, pəncərədən otağa dolan narıncı işıq, küçədə təsadüfən eşitdiyimiz bir mahnı və ya izlədiyimiz filmlər yadda qalır. Məncə yay, xatirələrin ən güclü mövsümüdür. Ona görə də kino tarixində ən yaxşı yay filmləri heç vaxt sadəcə yay haqqında olmur. Onlar ilk sevgidən, təsadüfi görüşlərdən, uşaqlıqdan, ailədən, azadlıq hissindən, böyüməkdən və bəzən də geriyə qaytara bilmədiyimiz zaman haqqında danışırlar. Bəlkə də buna görə həmin filmləri izləyəndə biz başqa insanların hekayəsini yox, öz keçmişimizdən parçalar görürük. Bu dəfə "Filmdən sonra..." rubrikasında yayı müxtəlif rənglərdə göstərən beş film seçmişəm. Onların bəzisində günəş parlayır, bəzisində isə yay sadəcə xatirə kimi yaşayır. Amma hamısı eyni hissi oyadır: "Kaş bu an bir az daha davam edə biləydi.." Gəlin, yay film səyahətimizə Yunanıstandan başlayaq. 2008-ci ildə ekranlara çıxan "Mamma Mia!" bəlkə də dünyanın ən şən yay filmidir. Mavi dəniz, ağ evlər, qayalıqlar, ABBA musiqiləri və rəngarəng həyat enerjisi... Süjetdən çox atmosferi ilə yaddaşlarda qalan bu film insana xatırladır ki, bəzən xoşbəxtlik mürəkkəb deyil. Dostlarla oxunan mahnılar, ailə ilə keçirilən vaxt və günün üfüqdə qızılı bir tablo çəkməsini izləmək kifayət edir. Filmin rejissoru Fillida Lloyd məşhur "Mamma Mia!" musiqili tamaşasını səhnədən böyük ekrana köçürməklə ilk böyük bədii filmini çəkdi və kino tarixinin ən uğurlu musiqili ekran əsərlərindən birini yaratdı. Ümumilikdə çox güclü aktyor heyətinin yer alması və baş rolda üçqat "Oscar" laureatı Meril Stripin canlandırması və ABBA mahnıları bu filmi əsrarəngiz rənglərə boyayır. Bu film realizmdən çox, hisslərə inanır və bizə xatırladır ki, xoşbəxt olmaq üçün həyatın bütün suallarına cavab tapmaq lazım deyil. Bəzən yaxın insanların əhatəsində mahnı oxumaq, rəqs etmək və günəşin batmasını izləmək kifayətdir. Üzümüzü İtaliyaya tutub tamam başqa əhval-ruhiyyəyə keçirik. "The Talented Mr. Ripley" filmi yayın ən zərif, eyni zamanda ən təhlükəli üzünü göstərir. Amalfi sahillərinin möhtəşəm mənzərələri, caz musiqisi, yaxtalar və dəbdəbəli həyat... Amma bütün bu gözəlliyin altında qısqanclıq, kimlik böhranı və insanın özünü başqasının həyatında itirməsi dayanır. Film göstərir ki, bəzən yayın parlaq işığı altında belə insan öz kölgəsindən qaça bilmir. Patrisiya Haysmitin məşhur romanını ekranlaşdırarkən psixoloji trilleri estetik dram səviyyəsinə qaldıran Entoni Mingella gözəlliyin arxasında gizlənən təhlükəni çox məharətlə izləyiciyə göstərə bilir. Siz filmi izləyərkən İtaliyanın nəfəskəsən mənzərələrindən zövq alsanız da, əslində bu film insanın daxili boşluğu haqqında danışır. İzləyib bitirdikdən sonra film bizi narahat edə biləcək vacib bir sual verir: insan xoşbəxt olmaq istəyir, yoxsa başqalarının gözündə xoşbəxt görünmək? Bu siyahıda yayın ən sakit filmi isə bəlkə də "Aftersun"dur. Şarlotta Uells ilk tammetrajlı filmi ilə dünya kinosunda yeni müəllif səsi kimi qəbul olunmuşdu. "Aftersun" onun uşaqlıq xatirələrindən ilhamlanan şəxsi hekayəsidir. Rejissor uzun illər atasını necə xatırladığını düşünərək bu filmi yazıb. Bu filmdə böyük hadisələr baş vermir. Ata ilə qız birlikdə tətil keçirirlər - hovuz, günəş, hotel, karaoke gecələri... İlk baxışda adi görünən bu səhnələr filmin sonunda tamam başqa məna qazanır. Rejissor Şarlotta Uells izləyiciyə yaddaşın necə işlədiyini göstərməyə çalışır. Biz keçmişi olduğu kimi yox, hiss etdiyimiz kimi xatırlayırıq. Bəzən uşaqlığımızın ən xoş yay günləri böyüdükdən sonra fərqli mənalar qazanır. Baş rolu məharətlə canlandıran Pol Meskal karyerasının ən güclü ifalarından birini nümayiş etdirərək 'Ən yaxşı aktyor' nominasiyasında 'Oskar'a namizəd olub. Onun ekran tərəfdaşı - cəmi 12 yaşlı Frenki Korio isə səmimi və təbii oyunu ilə ilin ən böyük kəşflərindən biri hesab edilib. Şarlotta Uells emosiyanı yüksək dramatik səhnələrlə yox, susqunluqla qurur. Kamera uzun müddət personajların üzündə qalır, səssizlik isə dialoq qədər danışır. Həm güclü aktyor oyununa görə, həm də rejissor Şarlotta Uellsin qurduğu səssiz dramatik səhnələrlə "Aftersun" bitəndən sonra yox, günlər keçdikcə insanın daxilində böyüyən filmlərdəndir. Əgər yay sizin üçün yeni insanlarla tanış olmaq deməkdirsə, o zaman "Before Sunrise" sizin filminizdir. Riçard Linkleyter müasir Amerika kinosunda zaman anlayışını ən fərqli formada işləyən rejissorlardan biridir. Onun "Before Sunrise" filmində nə dramatik ayrılıqlar, nə də böyük hadisələr var. Demək olar ki, bütün ekran əsəri iki insanın söhbəti üzərində qurulub. Filmi izlədikcə yaxşı yazılmış dialoqların necə ən möhtəşəm döyüş və ya dinamik səhnələrdən daha həyəcanlı ola biləcəyini anlayırsan. İtan Houk və Jüli Delpi bu filmdə təkcə obraz yaratmırlar; onlar sanki improvizasiya edərək həyatın özü haqqında danışırlar. Maraqlıdır ki, növbəti filmlərdə onların ssenarinin yazılmasına da yaradıcı töhfələri olub. Təsadüfi deyil ki, Cessi və Selin kino tarixinin ən canlı cütlüklərindən hesab edilir. Bir kadrından belə Ves Andersonun əl işi olduğu anlaşılan "Moonrise Kingdom" filmi isə sanki uşaqlığın romantik məktubudur. Hər layihəsində olduğu kimi simmetrik kompozisiyalar, pastel rənglər, dəqiq qurulmuş mizansenlər və nostalji atmosferi öz vizit kartına çevirən rejissorun bu ekran işində hər kadr əllə çəkilmiş illüstrasiyanı xatırladır. Amma bütün bu estetik görünüşün altında çox sadə bir fikir yatır: uşaqlar bəzən böyüklərdən daha cəsarətli olurlar. Anderson burada uşaqları böyüklərdən daha ciddi təqdim edir. Böyüklərin öz hisslərini ifadə etməkdə çətinlik çəkib itkin düşdükləri bu dünyada uşaqların sevgisi sadə görünsə də, çox səmimi təsvir edilib. "Moonrise Kingdom" insanın böyüməyinə baxmayaraq, daxilindəki uşağı tamamilə itirmədiyini xatırladan ən zərif filmlərdən biridir. Bu beş filmi birləşdirən təkcə yay mövsümü deyil. Onları bir məqalədə toplayan daha vacib bir xüsusiyyət var: hər biri yay haqqında tamam fərqli dildə danışır. Fillida Lloyd üçün yay həyatın bayramıdır, Şarlotta Uells üçün yaddaşdır, Riçard Linkleyter üçün zamandır, Entoni Mingella üçün insanın daxilində gizlənən kölgədir, Ves Anderson üçün isə içimizdə heç vaxt itirmədiyimiz balaca uşaqdır. Bu filmləri ardıcıl izlədikdə, sanki eyni fəsli beş müxtəlif insanın xatirələrindən keçərək yaşamaq şansınız olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər