İqtisadiyyat
Dövlət qurumlarında təcrübə keçən bəzi şəxslərə sığorta haqqı ödəniləcək
Dövlət qurumlarında istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, eləcə də könüllülərin icbari sığorta haqqı ödəniləcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, yuxarıda nəzərdə tutulan könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başlandığı tarixdən 15 iş günü müddətində ödəniləcək Qüvvədə olan qanunvericiliyə görə, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər bu qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunurlar.
Mənbə
oxu.az