Türkiyənin silah ixracı: yarıdan çoxunu NATO alır
Avropa ölkələrinin ABŞ-ın hərbi dəstəyindən asılılığı azaltmağa və öz müdafiə potensialını gücləndirməyə çalışdığı bir dövrdə Türkiyənin NATO-dakı rolu daha da artır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məqalədə qeyd edilib ki, Ankara öz hərbi-sənaye kompleksinin inkişafı və artan silah ixracatı sayəsində alyansın getdikcə daha vacib üzvünə çevrilir:
“Belə ki, Türkiyə şirkətləri NATO müttəfiqlərini dronlar, zirehli maşınlar, gəmilər, döyüş təlim təyyarələri və elektron müharibə sistemləri də daxil olmaqla geniş çeşiddə məhsullarla təmin edir.
2024-cü ildə Türkiyənin müdafiə ixracatının təxminən 56%-i ABŞ-a, Avropa ölkələrinə və digər NATO müttəfiqlərinə yönəlib. 2020-ci ildən bəri Türkiyənin hərbi-sənaye kompleksinin xarici satışlarının həcmi dörd dəfə artaraq ildə təxminən 10 milyard dollara çatıb”.
Nəşr bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qarşıdan gələn NATO sammitindən ölkəsinin alyansdakı mövqeyini daha da möhkəmləndirmək üçün istifadə etməyi planlaşdırır.