İqtisadiyyat

Qeyri-qida mallarını uyğunluq sənədi olmadan ölkəyə gətirmək mümkün olmayacaq

30 Jun 2026, 16:48 2 baxış
Qeyri-qida mallarını uyğunluq sənədi olmadan ölkəyə gətirmək mümkün olmayacaq
Qeyri-qida istehlak malları uyğunluq sənədi olmadan ölkəyə gətirilə bilməyəcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihədə bildirilir ki, "Texniki tənzimləmə haqqında" Qanunun müvafiq maddəsinə əsasən, bu qanunun və texniki reqlamentlərin tələblərinə uyğun olmayan və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş malları istehsal etmək, satışa çıxarmaq, satmaq, idxal etmək və ya istifadə etmək qadağandır. "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"na dair Tədbirlər Planında texniki tənzimləmənin şamil olunduğu malların idxalından əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mexanizmin yaradılması və tətbiqi nəzərdə tutulub. Sənəddə qeyd olunur ki, yuxarıda göstərilən tələblərin icrasının təmin olunması çərçivəsində texniki reqlamentlərin tələblərinə cavab verməyən və təhlükəli qeyri-qida istehlak mallarının idxal olunmasının qarşısının alınması və bu istiqamətdə idxal nəzarət mexanizminin müəyyən olunması zərurəti yaranıb. Bununla əlaqədar olaraq, təklif olunan qanun layihəsi ölkəyə idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik göstəricilərinə görə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmasını təmin etməyi nəzərdə tutur. Layihəyə əsasən Azərbaycan ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq. Ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınmaqla, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə 24 ay keçid dövrü nəzərdə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər